Ötən il kənd təsərrüfatına 1,12 milyard manatdan çox vəsait xərclənib

Ötən il kənd təsərrüfatına 1,12 milyard manatdan çox

2025-ci il dövlət büdcəsi çərçivəsində kənd təsərrüfatı sektorunda nəzərdə tutulan proqramların icrası üçün 1 milyard 120,9 milyon manat vəsait ayrılıb və bu məbləğ tam həcmdə istifadə olunub.

Maliyyə Nazirliyi xəbər verir ki, ötən il dövlət büdcəsində "Kənd təsərrüfatı" sektoru üzrə 5 icraçı qurum tərəfindən 7 proqram və 30 tədbirin maliyyələşdirilməsi üçün ümumilikdə 1 milyard 156,5 milyon manat nəzərdə tutulmuşdu. Bu, əvvəlki illə müqayisədə 46,1 milyon manat və ya 3,8% az olub.

İcraçı qurumların sifarişləri əsasında proqnozlaşdırılan vəsaitin 96,9%-i, yəni 1 milyard 120,9 milyon manatı ayrılıb. Beləliklə, proqnozla müqayisədə 35,6 milyon manat az vəsait maliyyələşdirilsə də, ayrılmış məbləğ tam şəkildə mənimsənilib.

Büdcədə sektor üzrə 34,7 milyon manat və ya ümumi vəsaitin 3%-i bölüşdürülməmiş ehtiyat kimi nəzərdə tutulmuşdu. Hesabat ilində bu vəsaitin 32,4 milyon manatı istifadə edilib.

Xərclənmiş vəsaitin strukturuna nəzər saldıqda, ümumi məbləğin 48,2%-i Kənd Təsərrüfatı Nazirliyi və onun tabeliyində fəaliyyət göstərən Aqrar Kredit və İnkişaf Agentliyi ilə Aqrar Xidmətlər Agentliyi tərəfindən həyata keçirilən tədbirlərin payına düşüb. Digər 48,1% isə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən "Regional Su Meliorasiya Xidməti" publik hüquqi şəxsi tərəfindən icra olunan layihələrə yönəldilib.

Maliyyə Nazirliyinin monitorinqinin nəticələrinə əsasən, Kənd Təsərrüfatı Nazirliyinin 2025–2028-ci illəri əhatə edən sektor üzrə strateji planında müəyyən edilmiş hədəflərə qismən nail olunub. Proqramların icra nəticələri üzrə orta statistik göstərici isə qənaətbəxş səviyyədə qiymətləndirilib.