Ukrayna ilə Polşa arasında taxıl qalmaqalı

Ukrayna ilə Polşa arasında

Polşada Ukrayna taxılının tranziti ilə bağlı yeni mübahisə yaranıb. Yerli fermerlər tranzit üçün nəzərdə tutulan Ukrayna taxılının bir hissəsinin Polşa bazarında qaldığını iddia edirlər.

 Monetar.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

 Lublin Kənd Təsərrüfatı Palatasının rəhbəri Qustav Yendreek bildirib ki, sənədlərdə taxılın Litva, Çexiya və ya Slovakiyaya göndərildiyi göstərilsə də, məhsulun Polşada qaldığına dair hallar mövcuddur.

 Polşa Xarici İşlər Nazirliyinin nümayəndəsi Matsey Vevyur isə Varşavanın Kiyevlə taxılın Polşa ərazisindən daşınmasının təşkili ilə bağlı danışıqlar apardığını açıqlayıb. Onun sözlərinə görə, müzakirələr yalnız Ukrayna taxılının üçüncü ölkələrə maneəsiz tranzitinin təmin edilməsinə aiddir.

 Məsələ 2022-ci ildə Avropa İttifaqının Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalına tətbiq edilən gömrük rüsumları və kvotaları ləğv etməsindən sonra daha da aktuallaşıb. Ukrayna məhsullarının nisbətən aşağı qiymətlərlə Avropa bazarlarına daxil olması xüsusilə Şərqi Avropa ölkələrinin fermerləri arasında narazılıq yaradıb.

 2023-cü ilin payızında Polşa, Macarıstan, Slovakiya, Bolqarıstan və Rumıniya Ukrayna taxılının idxalına məhdudiyyətlər tətbiq edib. Bu addım Avropa Komissiyasının Ukrayna taxılına tətbiq edilən embarqonun müddətini uzatmamaq qərarından sonra atılıb.

 Hazırda Polşa və Ukrayna arasında əsas müzakirə mövzularından biri Ukrayna taxılının Polşa ərazisindən digər ölkələrə tranzitinin necə təşkil olunmasıdır.