Braziliya dünyada bərpa olunan daxili şirin su ehtiyatlarının həcminə görə ilk sırada yer alır. Monetar.az xəbər verir ki, Dünya Bankı və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) “Aquastat” məlumatlarına əsasən, 2022-ci ildə Braziliyanın bərpa olunan daxili şirin su ehtiyatları 5,661 milyard kubmetr təşkil edib.
Bu göstərici dünya üzrə ümumi bərpa olunan daxili şirin su ehtiyatlarının 13,2 faizinə bərabərdir. Braziliyanın böyük su ehtiyatlarının əsas mənbələrindən biri Amazon çayı sistemidir. Amazon çayının ölkənin şirin su ehtiyatlarının təxminən 75 faizini təmin etdiyi bildirilir.
Reytinqdə ikinci yerdə Rusiya qərarlaşıb. Ölkənin bərpa olunan daxili şirin su ehtiyatları 4,312 milyard kubmetr və ya qlobal ehtiyatların 10,1 faizidir.
Kanada 2,850 milyard kubmetr və 6,7 faiz göstərici ilə üçüncü, ABŞ 2,818 milyard kubmetr və 6,6 faizlə dördüncü, Çin isə 2,813 milyard kubmetr və 6,6 faizlə beşinci yerdədir.
Beləliklə, dünyanın ən çox şirin su ehtiyatına malik ilk beş ölkəsi – Braziliya, Rusiya, Kanada, ABŞ və Çin – qlobal bərpa olunan daxili şirin su ehtiyatlarının 43,2 faizinə sahibdir.
İlk onluqda Kolumbiya 2,145 milyard kubmetr, İndoneziya 2,019 milyard kubmetr, Peru 1,641 milyard kubmetr, Hindistan 1,446 milyard kubmetr və Myanma 1,003 milyard kubmetr göstərici ilə yer alıb.
Reytinqdə Azərbaycan da daxil olmaqla bir sıra ölkələr ilk 25-likdə yer almayıb. İlk 25-liyi Boliviya 303,5 milyard kubmetr şirin su ehtiyatı ilə tamamlayır. Dünyada bərpa olunan daxili şirin su ehtiyatlarının ümumi həcmi 42,807 trilyon kubmetr qiymətləndirilir.
Qeyd olunur ki, ümumi su ehtiyatlarının çoxluğu ölkə əhalisinin bu resursdan rahat istifadə edə bilməsi demək deyil. Məsələn, Braziliyada böyük şirin su ehtiyatlarına baxmayaraq, bəzi şəhərlərdə su təchizatı ilə bağlı problemlər yaşanır. Buna azalan yağıntılar, kanalizasiya və çirkab suların təmizlənməsi infrastrukturunun yetərli olmaması, eləcə də əhalinin Amazon çayından uzaqda yerləşməsi təsir göstərir.
Rusiyada da əhalinin və sənaye müəssisələrinin mühüm hissəsi ən böyük su ehtiyatlarının yerləşdiyi ərazilərdən uzaqda cəmləşib.
Ölkələrin adambaşına düşən bərpa olunan şirin su ehtiyatlarına görə sıralanması isə fərqli mənzərə yaradır. Bu göstəriciyə əsasən, Braziliya adambaşına 26 918 kubmetr su ehtiyatı ilə 24-cü, Rusiya 29 895 kubmetrlə 21-ci yerdə qərarlaşıb. Əhalisinin nisbətən az olması Kanadanın adambaşına düşən su ehtiyatlarına görə altıncı sırada yer almasına imkan verib.
Regional bölgüdə isə Latın Amerikası və Karib hövzəsi qlobal bərpa olunan daxili şirin su ehtiyatlarının təxminən üçdə birinə sahib olmaqla birinci yerdədir. Asiya-Sakit okean regionunun payı 29 faiz, Avropanın 16 faiz, Şimali Amerikanın 13 faiz, Afrikanın 9 faiz, Yaxın Şərqin isə cəmi 1 faiz təşkil edir.
Məlumatlar göstərir ki, şirin su ehtiyatları dünyada bərabər bölüşdürülməyib. Əhalinin sayı, coğrafi yerləşmə, infrastruktur və su mənbələrinin əlçatanlığı ölkələrin real su təminatında mühüm rol oynayır.