Çinli rəqiblərlə artan rəqabət və istehsalçıların xərcləri azaltması Almaniyanın avtomobil sektorunda məşğulluğun son 20 ildən artıq dövrün ən aşağı səviyyəsinə enməsinə səbəb olub.
Monetar.az xəbər verir ki, Almaniya Federal Statistika İdarəsinin məlumatına görə, ölkənin avtomobil sənayesində çalışanların sayı 2005-ci ildən bəri ən aşağı səviyyəyə düşüb.
“Volkswagen”, “BMW” və “Mercedes-Benz Group” kimi avtomobil istehsalçılarında ümumi işçi sayı 5,8 faiz və ya 42 min 300 nəfər azalıb. Bu, ümumi sənaye sektorundakı məşğulluq azalmasından iki dəfədən çoxdur.
Alman avtomobil istehsalçıları Çində zəif bazar şəraiti, qlobal bazarlarda Çin şirkətlərinin artan rəqabəti və ölkə daxilində yüksək istehsal xərcləri ilə üzləşirlər.
“Volkswagen”, “BMW” və “Mercedes-Benz” Çində zəif nəticələrdən sonra son həftələrdə maliyyə gözləntilərini aşağı salıblar. “Volkswagen” isə Almaniyada təxminən 100 min iş yerinin ixtisarını və bəzi zavodların bağlanmasını nəzərdən keçirir.
Statistika İdarəsinin məlumatına görə, iyunun sonuna Almaniyanın avtomobil sənayesində 691 min 500 nəfər çalışıb. Maşınqayırma sektorunda isə bu göstərici 900 mindən bir qədər çox olub.
Beləliklə, avtomobil sənayesi Almaniyada maşınqayırmadan sonra ikinci ən böyük sənaye işəgötürəni olaraq qalır.