Xırdalan–Sumqayıt istiqamətində qatarların hərəkəti bərpa edilir

Xırdalan–Sumqayıt istiqamətində qatarların hərəkəti

Bakı-Xırdalan-Sumqayıt dəmir yolu marşrutu üzrə sərnişin daşımalarının bərpası istiqamətində hazırlıq işləri yekun mərhələsinə çatıb. Qatarların yeni tədris ili başlamazdan əvvəl yenidən istismara verilməsi planlaşdırılır.

"Azərbaycan Dəmir Yolları" QSC-nin məlumatına görə, "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində Xırdalan–Güzdək sahəsində dəmir yolu xətlərinin altından yeni avtomobil keçidinin tikintisi tamamlanıb. Bunun ardınca sözügedən istiqamətdə sərnişin daşımalarının bərpası üçün hazırlıq işlərinə başlanılıb.

Hazırda Xırdalan–Sumqayıt sahəsində dəmir yolu infrastrukturuna texniki baxış keçirilir. Paralel olaraq, bu marşrut üzrə istismara veriləcək qatarların təmir və hazırlıq işləri davam etdirilir.

ADY bildirir ki, bütün texniki və təşkilati hazırlıq işləri yekunlaşdıqdan sonra Bakı–Xırdalan–Sumqayıt marşrutu üzrə sərnişin qatarlarının hərəkəti yeni tədris ili başlamazdan əvvəl bərpa olunacaq.

Məlumata əsasən, qatarlar əvvəlki qaydada həftənin yeddi günü fəaliyyət göstərəcək və marşrut boyunca mövcud dayanacaqlarda sərnişinlərə xidmət göstərəcək.

Xəttin yenidən istifadəyə verilməsi Bakı və Sumqayıt arasında gündəlik hərəkət edən minlərlə sərnişin üçün alternativ nəqliyyat imkanlarını genişləndirməklə yanaşı, avtomobil yollarında nəqliyyat sıxlığının azalmasına da töhfə verəcək.