"Voyah" krossoveri Mixael Şumaxerin tuneldəki hərəkətini təkrar edib

"Voyah" krossoveri Mixael Şumaxerin tuneldəki hərəkətini

Çinin premium elektromobil istehsalçısı "Voyah" yeni "Passion S" elektrik krossoverinin tuneldə tavan boyunca hərəkət edərək tam 360 dərəcəlik dövrə ("ölüm ilgəyi") vurduğunu açıqlayıb. Şirkət bununla 16 il əvvəl yeddiqat Formula 1 dünya çempionu Mixael Şumaxer və "Mercedes-Benz SLS AMG" ilə çəkilmiş məşhur reklam çarxına istinad edib.

"Voyah" tərəfindən yayımlanan görüntülərdə tryukun hazırlanması və icrası əks olunub. "CarNewsChina" yazır ki, Çin istehsalçısı bu manevrin heç bir xüsusi modifikasiya edilməmiş, tamamilə seriya istehsalı olan "Passion S" modeli ilə həyata keçirildiyini iddia edir.

Şirkətin məlumatına görə, avtomobilin tunelin tavanı boyunca hərəkət etməsi üçün təxminən 130 km/saat sürət toplaması və qövsvari divara 16 dərəcə bucaq altında daxil olması tələb olunub. Bu zaman sürətin cüzi azalması və ya trayektoriyadan kiçik yayınma belə tryukun uğursuzluqla nəticələnməsinə səbəb ola bilərdi.

Yeni "Voyah Passion S" bazarda "Xiaomi YU7" modelinin əsas rəqiblərindən biri kimi təqdim edilir. Təxminən 5 metr uzunluğa malik krossoverin ən güclü versiyası 646 at gücü və 765 Nm fırlanma anı hasil edir. Elektromobil 800 voltluq elektrik arxitekturası üzərində qurulub ki, bu da yüksək performans və sürətli enerji doldurma imkanları təqdim edir.

Modelin Çində satışlarına avqustun ortalarında start verilməsi planlaşdırılır. "Passion S" modelinin ən yüksək təchizat səviyyəsinin başlanğıc qiyməti 310 min yuan təşkil edəcək.

   

MONETAR.AZ