Bakıda mikromobillik infrastrukturunun genişləndirilməsi istiqamətində növbəti addım atılıb. Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) paytaxtın Xan Şuşinski küçəsində yeni mikromobillik zolağı təşkil edib.
AYNA-nın məlumatına görə, layihənin əsas məqsədi şəhərdə mikromobillik şəbəkəsinin fasiləsizliyini təmin etmək, velosiped və digər mikromobillik vasitələrindən istifadə edənlərin təhlükəsizliyini və rahatlığını artırmaqdır.
Yeni zolağın istifadəyə verilməsi ilə Rəşid Behbudov küçəsi və Vaqif prospektində mövcud olan mikromobillik zolaqları vahid marşrut şəklində birləşdirilib. Ərazidə müvafiq yol nişanları quraşdırılıb, yaxın günlərdə isə təhlükəsizlik sədlərinin quraşdırılması nəzərdə tutulur.
Agentlik bildirir ki, şəhərin nəqliyyat konsepsiyasına uyğun olaraq mikromobillik zolaqları şəbəkəsinin mərhələli şəkildə genişləndirilməsi davam etdiriləcək. Məqsəd qısa məsafəli səfərlərdə velosiped və digər mikromobillik vasitələrinin daha geniş istifadə olunan nəqliyyat növlərindən birinə çevrilməsidir.
Qurum hesab edir ki, yeni infrastruktur həm alternativ nəqliyyat vasitələrinin istifadəsini təşviq edəcək, həm də şəhərdaxili hərəkətin daha təhlükəsiz və səmərəli təşkilinə töhfə verəcək.