Süni intellekt infrastrukturuna artan investisiyalar fonunda yaddaş çiplərinə qlobal tələbatın kəskin yüksəlməsi bazarda qıtlıq yaradarkən, ABŞ administrasiyası "Apple"ı Çin istehsalçıları ilə əməkdaşlıqdan çəkinməyə çağırıb. Bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Nəşrin yazdığına görə, ABŞ-ın ticarət naziri Hovard Lutnik şəxsən "Apple"a administrasiyanın iri Amerika texnologiya şirkətlərinin Çin istehsalı yaddaş çiplərini satın almasını dəstəkləmədiyini bildirib.
Məlumatlı mənbələrin sözlərinə görə, "Apple" hazırda Çində satılan cihazlarda istifadə imkanını qiymətləndirmək üçün "ChangXin Memory Technologies" (CXMT) və "Yangtze Memory Technologies" (YMTC) istehsalı olan yaddaş çiplərini sınaqdan keçirir.
Analitiklərin fikrincə, süni intellekt üçün məlumat emalı mərkəzlərinin sürətlə genişlənməsi yaddaş çiplərinə tələbatı əhəmiyyətli dərəcədə artırıb. Nəticədə həm qlobal qıtlıq yaranıb, həm də komponentlərin qiyməti yüksəlib ki, bu da "Apple" və digər istehlak elektronikası istehsalçılarının xərclərinə əlavə təzyiq göstərir.
"Apple"ın əməliyyat direktoru Sabih Xan şirkətin Çin istehsalı çipləri sınaqdan keçirdiyini təsdiqləməkdən imtina edib. O bildirib ki, bazardakı çatışmazlıq şirkəti müxtəlif alternativləri qiymətləndirməyə, o cümlədən mövcud tərəfdaşlarının ABŞ-da istehsal güclərini artırmasına dəstək verməyə vadar edir.
ABŞ-ın ixrac nəzarəti qaydalarına əsasən, Amerika şirkətləri CXMT və YMTC kimi Çin istehsalçılarına xüsusi texniki məlumat təqdim etməzdən əvvəl hökumətdən müvafiq lisenziya almalıdırlar. Belə məlumatlar "Apple" üçün fərdiləşdirilmiş yaddaş çiplərinin istehsalında istifadə oluna bilər.
Bununla belə, mövcud qaydalar "Apple"a Çin istehsalçılarından standart yaddaş komponentləri almağa və qiymətlərlə bağlı kommersiya danışıqları aparmağa imkan verir.
Məlumata görə, ABŞ-ın ən böyük yaddaş çipi istehsalçılarından olan "Micron Technology" administrasiyaya müraciət edərək "Apple"ın Çin istehsalı yaddaş çiplərindən istifadəsinin məhdudlaşdırılmasını istəyib. Şirkət hesab edir ki, belə satınalmalar ABŞ-da yerli istehsalın inkişafına mənfi təsir göstərə və Vaşinqtonun sənaye siyasəti ilə ziddiyyət təşkil edə bilər.
Məsələ "Apple" ilə Tramp administrasiyası arasında təchizat zəncirinin ABŞ-a qaytarılması ilə bağlı fikir ayrılıqlarını daha da dərinləşdirir. Son dövrdə Vaşinqton "Intel"in "Apple" üçün müəyyən çiplər istehsal etməsi, eləcə də "iPhone" və "Apple Watch" üçün qoruyucu şüşələrin ABŞ-da istehsalının təşkili istiqamətində razılaşmalar əldə edib.
Bununla yanaşı, "Apple" Teksas ştatında "Mac mini" kompüterlərinin yığımını genişləndirsə də, şirkətin təchizat zəncirinin böyük hissəsi hələ də Asiyada cəmləşib. Eyni zamanda, "Apple" Çindən asılılığı azaltmaq məqsədilə Hindistanda "iPhone" istehsal güclərini artırmağa davam edir.
MONETAR.AZ