Bu ilin dünyanın ən dəyərli 20 aviaşirkəti hansılardır?

Bu ilin dünyanın ən dəyərli

ABŞ-ın “Delta” aviaşirkəti 2026-cı ilin iyul ayının nəticələrinə görə dünyanın ən dəyərli aviaşirkəti olub. Şirkətin bazar kapitallaşması 58,5 milyard dollar təşkil edib.

Monetar.az xəbər verir ki, “CompaniesMarketCap” məlumatları əsasında hazırlanan reytinqdə yalnız birjada səhmləri açıq şəkildə satılan aviaşirkətlər nəzərə alınıb.

“Delta”nı 40,1 milyard dollar bazar dəyəri ilə digər ABŞ aviaşirkəti “United Airlines” izləyib. İrlandiyanın “Ryanair” şirkəti isə 31,1 milyard dollar kapitallaşma ilə üçüncü sırada qərarlaşıb və ABŞ-dan kənarda dünyanın ən dəyərli aviaşirkəti olub.

İlk 10-luqda İspaniyanın “International Consolidated Airlines” şirkəti 23,9 milyard dollarla dördüncü, “Southwest Airlines” 22,3 milyard dollarla beşinci, Hindistanın “IndiGo” aviaşirkəti 21,1 milyard dollarla altıncı yeri tutub.

Çinin “Air China” şirkəti 18,8 milyard dollarla yeddinci, “Singapore Airlines” 18,7 milyard dollarla səkkizinci, Çilinin “LATAM” şirkəti 15,7 milyard dollarla doqquzuncu, “China Southern Airlines” isə 13,9 milyard dollarla 10-cu olub.

Reytinqdə “Lufthansa” 12,5 milyard dollar, “China Eastern Airlines” 12,1 milyard dollar, “Cathay Pacific” 11,2 milyard dollar, “Qantas” 10,8 milyard dollar və “American Airlines” 10,1 milyard dollar bazar dəyəri ilə növbəti pillələrdə yer alıb.

Türkiyənin “Turkish Airlines” şirkəti 8,9 milyard dollar bazar kapitallaşması ilə 16-cı sırada qərarlaşıb. “Hainan Airlines” və Yaponiyanın “ANA” aviaşirkətinin hər birinin bazar dəyəri 8,6 milyard dollar olub.

Reytinqin son iki pilləsində 8,1 milyard dollarla “Japan Airlines” və 7 milyard dollarla Tayvanın “EVA Air” şirkəti qərarlaşıb.

Asiya aviaşirkətləri reytinqdə xüsusi çəkisi ilə seçilib. Dünyanın ən dəyərli 20 aviaşirkətindən 10-u Asiya ölkələrinin payına düşüb. Dörd Çin aviaşirkətinin ümumi bazar kapitallaşması isə 53 milyard dolları ötüb.

ABŞ-ın üç böyük aviaşirkəti arasında da ciddi fərq müşahidə olunur. “Delta”nın bazar dəyəri 58,5 milyard dollar olduğu halda, “United Airlines” 40,1 milyard dollar, “American Airlines” isə 10,1 milyard dollarla qiymətləndirilib.

Reytinqdə Şimali Amerika, Avropa və Asiya aviaşirkətləri üstünlük təşkil etsə də, Cənubi Amerikadan yalnız “LATAM”, Okeaniyadan isə “Qantas” ilk 20-liyə daxil olub.