Cənubi Koreyanın "LG Corp" və ABŞ-ın "Nvidia" şirkətləri robototexnika, süni intellekt (Sİ) fabrikləri və ağıllı mobillik sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan strateji anlaşma memorandumu imzalayıblar. Tərəflər əməkdaşlığın istehsalın avtomatlaşdırılması və fiziki süni intellekt texnologiyalarının inkişafını sürətləndirməyi hədəflədiyini bildiriblər.
Razılaşmaya əsasən, "LG" 2027-ci ilin birinci rübündə "Nvidia Isaac GR00T" platforması əsasında hazırlanmış yeni nəsil ikiayaqlı humanoid robotunu təqdim etməyi planlaşdırır. Bundan əvvəl isə şirkət bu il ABŞ-ın Tennessi ştatındakı paltaryuyan maşın zavodunda təkərli robotun pilot istismarına başlayacaq. Pilot layihədən əldə ediləcək məlumatlar LG-nin öz robot əsas modelinin inkişafında istifadə olunacaq.
Şirkət, həmçinin 2027-ci ilin birinci yarısında "Nvidia Vera Rubin" platforması əsasında süni intellekt fabriki üçün etalon obyekt yaratmağı planlaşdırır. Növbəti mərhələdə, 2028-ci ilin birinci yarısında Cənubi Koreyada yerləşəcək obyektin gücünün 80 meqavat səviyyəsinə çatdırılması nəzərdə tutulur. Bu mərkəz süni intellekt infrastrukturunun, robot texnologiyalarının və məlumat emalı sistemlərinin inkişafına xidmət edəcək.
Əməkdaşlığın digər istiqaməti avtomobil texnologiyalarıdır. "LG", "Nvidia DRIVE Hyperion" platforması əsasında süni intellektlə təchiz edilmiş yeni nəsil nəqliyyat vasitələri üçün həllər hazırlamağı planlaşdırır. Bu platforma avtonom idarəetmə və sürücüyə yardım sistemlərinin inkişafı üçün nəzərdə tutulub.
Bu razılaşma tərəflər arasında iyun ayında elan olunan robototexnika və süni intellekt infrastrukturu üzrə əməkdaşlığın növbəti mərhələsi hesab olunur və "LG"nin istehsal, məlumat mərkəzləri və mobillik sahələrində süni intellekt texnologiyalarının tətbiqini genişləndirməyi hədəfləyir.
MONETAR.AZ