Rumıniya yeganə atom elektrik stansiyasını dayandırır

Rumıniya yeganə atom elektrik stansiyasını

Rumıniya elektrik enerjisi istehsalının əsas mənbələrindən biri olan "Çernavoda" Atom Elektrik Stansiyasının (AES) fəaliyyətini mərhələli şəkildə dayandırmağa başlayıb. Dövlətə məxsus operator "Nuclearelectrica" şirkətinin məlumatına görə, iyulun sonunda stansiyanın birinci enerji bloku söndürülüb, ikinci blokun isə bu gün istismardan çıxarılması planlaşdırılır.

Hazırda stansiyanın fəaliyyətinin nə vaxt bərpa olunacağı açıqlanmayıb. Ölkədə fəaliyyət göstərən yeganə AES olan "Çernavoda" Rumıniyanın ümumi elektrik istehlakının təxminən 20%-ni təmin edir.

Stansiyanın fəaliyyətinin dayandırılmasına səbəb Dunay çayında su səviyyəsinin kəskin azalması olub. Hər iki reaktorun soyutma sistemi çayın suyundan istifadə etdiyinə görə, suyun azalması təhlükəsiz istismarı risk altına salıb.

Rumıniya Milli Su Təsərrüfatı İdarəsinin baş direktor müavini Sorin Rındaşu bildirib ki, AES-in fəaliyyətinin ən azı iki həftə dayandırılması ehtimalı var. Onun sözlərinə görə, yaxın günlərdə Dunay hövzəsində əhəmiyyətli yağıntı gözlənilmir və bu da su səviyyəsinin qısa müddətdə bərpa olunacağına ümidləri azaldır.

Dunay çayındakı hidrometeoroloji vəziyyət regionun digər enerji obyektlərinə də təsir göstərir. Məlumata görə, Macarıstanın "Pakş" Atom Elektrik Stansiyasında da soyutma ilə bağlı risklər səbəbindən reaktorların gücü təxminən yarıya endirilib. Mütəxəssislər zərurət yaranacağı təqdirdə bu stansiyanın da müvəqqəti dayandırılmasını istisna etmirlər.

Son hadisələr Avropada davam edən isti hava dalğalarının və quraqlığın enerji infrastrukturuna təsirini bir daha gündəmə gətirir. Xüsusilə çay sularından soyutma məqsədilə istifadə edən atom elektrik stansiyaları iqlim dəyişikliklərinin yaratdığı risklərə qarşı daha həssas vəziyyətə düşür.

MONETAR.AZ