Aqrar sektorda minimum qiymət mexanizmi təklif olunur

Aqrar sektorda minimum

Azərbaycanda aqrar sektorda fermerlərin gəlirlərinin qorunması və kənd təsərrüfatında yaranan qiymət problemlərinin qarşısının alınması üçün yeni mexanizmlərin tətbiqi təklif olunur.

Məsələ Milli Məclisin payız sessiyasının ilk plenar iclasında deputat Əli Məsimli tərəfindən gündəmə gətirilib.

Deputat bildirib ki, xüsusilə Şəki-Zaqatala bölgəsində fındıqçılıq sahəsində fermerlər ciddi problemlərlə üzləşirlər. Fındığın qiymətinin iki dəfəyə qədər aşağı düşməsi və zərərvericilərin təsərrüfatlara vurduğu ziyan nəticəsində bəzi fermerlər ya gəlir əldə edə bilmir, ya da çox az gəlirlə fəaliyyət göstərirlər.

Əli Məsimli hesab edir ki, fermerlərin belə vəziyyətlərdən qorunması üçün aqrar sektorda minimum qiymət və ya “tavan qiymət” mexanizmi tətbiq oluna bilər. Bu mexanizm vasitəsilə istehsal xərclərinin nəzərə alınması və fermer üçün müəyyən minimum gəlirliliyin təmin edilməsi nəzərdə tutulur.

Deputatın fikrincə, fermerlərə maliyyə dəstəyinin məhsul yığıldıqdan sonra deyil, istehsalın ilkin mərhələsində göstərilməsi də vacibdir. Bununla fermerlərin əvvəlcədən maliyyə imkanlarına çıxışı təmin edilə və istehsal prosesində qarşılaşdıqları çətinliklər azaldıla bilər.

Məsələ ilə yanaşı, istehlakçıların hüquqlarının qorunması da Milli Məclisdə müzakirə olunan əsas mövzulardan biri olub. Əli Məsimli “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” yeni qanunun qəbul edilməsini təklif edib.

Deputat bildirib ki, hazırkı qanun 31 il əvvəl qəbul olunub və onun icra mexanizmləri müasir tələblərə tam cavab vermir. Xüsusilə alınan məhsulların qaytarılması və dəyişdirilməsi, eləcə də ərzaq məhsullarının keyfiyyəti ilə bağlı istehlakçıların hüquqlarının daha effektiv qorunmasına ehtiyac olduğu qeyd edilib.

MONETAR.AZ