Rusiyadan buğda ixracının həcmi 2026-cı ilin sentyabrında maksimum 1 milyon ton təşkil edə bilər. Bu barədə Rusiya Taxıl İttifaqının analitik departamentinin direktoru Yelena Tyurina proqnoz verib.
Ötən ilin sentyabrında Rusiyanın buğda ixracı 5,7 milyon ton, bu ilin avqustunda isə 1,3 milyon ton olub. Beləliklə, iyuldan başlayan azalma dinamikası sentyabrda da davam edir.
Mövsümün ilk iki ayında – iyul və avqustda Rusiyanın ümumi taxıl ixracı 2,5 dəfə azalaraq 3,73 milyon tona, buğda ixracı isə 2,3 dəfə azalaraq 3,1 milyon tona düşüb. Sentyabrın ikinci dekadasında ölkədən cəmi 347 min ton buğda ixrac edilib. Ötən ilin eyni dövründə bu göstərici 1,3 milyon ton olub.
Eyni zamanda, Rusiyadan buğda alan ölkələrin sayı 29-dan 8-ə qədər azalıb. “SovEcon”un proqnozuna görə, iyul-sentyabr aylarında Rusiyanın buğda ixracı 5,4 milyon ton təşkil edə bilər. Bu isə 2010-cu ildən bəri ən aşağı göstərici olacaq. İxracın kəskin azalmasının əsas səbəblərindən biri Azov-Qara dəniz hövzəsində liman infrastrukturuna dəyən zərərdir.
“Reuters”in təhlilinə görə, regiondakı 9 iri taxıl terminalından 3-ü liman infrastrukturuna hücumlar nəticəsində ciddi zədələnib. Bu terminallar Rusiyanın taxıl ixrac gücünün təxminən 20 faizini təmin edirdi. Hücumlardan əvvəl ölkənin taxıl ixracının 70 faizi məhz bu marşrutla həyata keçirilirdi.
İllik gücü 7,1 milyon ton olan Novorossiysk terminalı daha ciddi zərər görüb. Burada konveyer qalereyası dağılıb və təmir işlərinin 4-6 ay davam edə biləcəyi bildirilir.
Risklər səbəbindən regiondakı ümumi 67 milyon tonluq terminal gücünün təxminən 53 milyon tonluq hissəsi hazırda fəaliyyət göstərmir. İxrac imkanlarının məhdudlaşması Rusiyanın daxili taxıl bazarına da təsir edib.
Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev sentyabrın 23-də, avqustun 12-dən qüvvədə olmaqla, regional fövqəladə vəziyyət rejimi elan edib. Buna səbəb fermerlərin məhsullarını sata bilməməsi və daxili bazarın həddindən artıq yüklənməsi göstərilib.
Rusiya Prezidenti Vladimir Putin isə dövlət müdaxilə fondu üçün fermerlərdən taxıl alışına başlanılması barədə tapşırıq verib. Yaxın iki il ərzində fonda 3 milyon tona qədər buğda və çovdar alınması planlaşdırılır.
“ProZerno”nun baş direktoru Vladimir Petriçenkonun proqnozuna əsasən, iyul-sentyabr aylarında Rusiyanın ümumi taxıl ixracı 1,6 dəfə azalaraq 8,5 milyon ton olacaq. Ötən ilin eyni dövründə bu göstərici 14 milyon ton təşkil edib.
Buğda ixracının isə 4,8 milyon ton olacağı gözlənilir. Ötən il bu rəqəm 10,6 milyon ton olub.
2026/27 mövsümünün yekununda Rusiyanın taxıl ixracının 39-45 milyon ton arasında olması proqnozlaşdırılır. Bu, 59 milyon tonluq ixrac potensialından xeyli aşağıdır.
Rusiyanın əsas ixrac marşrutunda yaranan problemlər fonunda alternativ istiqamətlərdən istifadə artırılır. Lakin bu marşrutların itirilmiş həcmləri tam kompensasiya etmək imkanları məhduddur.
Xəzər və İran istiqamətində əsas alıcı İran olub. Bununla belə, İran əsasən qarğıdalı və arpa alır, buğda alışları isə nisbətən azdır. Rusiyanın ənənəvi iri alıcılarından olan Türkiyənin ölkənin taxıl ixracındakı payı isə 2 faizə düşüb.
Taxılın bir hissəsi Baltik dənizi limanlarına, o cümlədən Ust-Luqa və Vısotsk limanlarına yönəldilir. Avqustun ikinci yarısında bu limanlara daxil olmaq üçün müraciətlərin həcmi 5 milyon tona çatıb.
Lakin Rusiya Taxıl İttifaqının prezidenti Arkadi Zloçevskinin sözlərinə görə, Baltik istiqamətinin ötürmə qabiliyyəti itirilmiş həcmlərin yarısından çoxunu kompensasiya etməyə imkan vermir.
Şərq istiqamətində, yəni Asiya-Sakit okean regionunda da tədarükü kəskin artırmaq imkanları məhduddur. “Forbes”in məlumatına görə, Çin istisna olmaqla, ötən mövsüm bu regiona cəmi 1,5 milyon ton taxıl göndərilib. Çin isə 3,4 milyon ton taxıl alaraq Rusiyanın dördüncü ən böyük alıcısı olub.
Şərqə ixracın artırılmasına Çinin buğda idxalı üzrə kvotaları və Rusiya ixracının əsasını təşkil edən payızlıq buğda üzrə fitosanitar protokolun olmaması mane olur.
“Reuters”in məlumatına görə, hücumların dayandırılması ilə bağlı razılaşma əldə olunarsa, Qara dənizdə fəaliyyətsiz qalan terminal güclərinin 80 faizə qədəri nisbətən qısa müddətdə bərpa edilə bilər.
MONETAR.AZ