Azərbaycanda 22 heyvan bazarı yenidən qurulub

Azərbaycanda 22 heyvan bazarı

Azərbaycanda ötən ildən etibarən heyvan bazarlarında aparılan yenidənqurma işlərinin əsas hissəsi başa çatıb. Ölkə üzrə 22 heyvan bazarı müasir baytarlıq-sanitariya norma və qaydalarına uyğun yenidən qurularaq istifadəyə verilib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a bildirilib ki, yenidən qurulan bazarlar AQTA Kollegiyasının qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”nın tələblərinə uyğunlaşdırılıb.

Yenidənqurma zamanı əvvəlki heyvan bazarlarında baytarlıq-sanitariya və sanitar-gigiyenik tələblərin icrası ilə bağlı mövcud çatışmazlıqların aradan qaldırılmasına xüsusi diqqət yetirilib.

AQTA ilə sahibkarlıq subyektlərinin birgə fəaliyyəti nəticəsində layihənin əsas hissəsinin qısa müddətdə həyata keçirildiyi bildirilib.

Yenilənmiş bazarlarda heyvanların baytar nəzarəti altında qəbulu, identifikasiyası və hərəkətinin izlənilməsi üçün zəruri infrastruktur yaradılıb.

Bu imkanlar heyvan xəstəliklərinin vaxtında aşkarlanmasına, onların yayılma riskinin azaldılmasına və ölkədə ümumi epizootoloji təhlükəsizliyin təmin edilməsinə şərait yaradır.

Beləliklə, yenilənmiş və yeni inşa olunan heyvan bazarları yalnız heyvanların alqı-satqısı üçün məkan kimi deyil, həm də heyvan sağlamlığının qorunması, baytarlıq nəzarəti və sanitariya tələblərinin təmin edildiyi müasir infrastruktur kimi fəaliyyət göstərəcək.