Bu gündən AQTA vəhşi və ev quşlarını yoxlayacaq

Bu gündən AQTA vəhşi və

Azərbaycanda vəhşi və ev quşları arasında quş qripi və Nyukasl xəstəliklərinin aşkarlanması məqsədilə noyabrın 2-dən 6-dək epizootoloji monitorinq aparılacaq.

Monetar.az xəbər verir ki, monitorinq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə keçiriləcək.

Monitorinq Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə ərazisində riskli hesab edilən ovçuluq təsərrüfatlarını, milli parkların su-bataqlıq və dənizsahili zonalarını, eləcə də digər əraziləri əhatə edəcək.

Tədbirlər çərçivəsində vəhşi quşlara baxış keçiriləcək və xəstəlik törədicilərinin müəyyənləşdirilməsi üçün nümunələr götürüləcək. Həmçinin quşçuluq müəssisələrində və fərdi təsərrüfatlarda saxlanılan ev quşlarından laborator müayinələr üçün diaqnostik nümunələr toplanacaq.

Bununla yanaşı, quşçuluq müəssisələrində, fərdi təsərrüfatlarda, su hövzələrində və parklarda baytarlıq norma və qaydalarına əməl olunması vəziyyəti yoxlanılacaq, maarifləndirmə tədbirləri aparılacaq.