Buğdanın qiyməti 4 ayın minimumuna yaxınlaşıb - Bir buşel 6 dollardan aşağıdır

Buğdanın qiyməti 4 ayın minimumuna yaxınlaşıb -

Dünya bazarında buğdanın qiyməti son dörd ayın ən aşağı səviyyəsinə yaxın olaraq qalır. Rusiya və Ukrayna arasında sülh danışıqlarının mümkün nəticələri, Qara dəniz üzərindən taxıl ticarətinin perspektivləri və qlobal istehsal proqnozları bazara təsir göstərir.

Monetar.az xəbər verir ki,  buğdanın bir buşel üzrə fyuçers qiyməti 6 dollardan aşağı səviyyədə qərarlaşıb. Qiymət iyulun əvvəlindən bəri ən aşağı göstəricilər ətrafında dəyişir.

Bazar iştirakçıları ABŞ-ın vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında aparılan sülh danışıqlarının nəticələrini gözləyirlər. İki ölkənin nümayəndələri fevral ayından sonra ilk dəfə Əbu-Dabidə görüşüblər. Danışıqların gərginliyin azalmasına gətirib çıxaracağı və bunun Qara dəniz üzərindən taxıl ticarətinin bərpasına şərait yaradacağı gözlənilir.

Digər tərəfdən, Rusiya məhsullarına tətbiq edilən məhdudiyyətlər fonunda alıcıların alternativ təchizat mənbələrinə yönəlməsi Fransa buğdasına tələbatın artacağı ehtimalını gücləndirir.

Litva da Klaypeda limanına Rusiya və Belarusdan daxil olan taxılın mənşəyinin yoxlanılacağını açıqlayıb. Bu tədbirin həmin məhsulların ixracında bir neçə aya qədər gecikmələrə səbəb ola biləcəyi bildirilir.

Bununla belə, qlobal bazarda bol təklif gözləntiləri qiymətlərin artmasını məhdudlaşdırır. Avstraliya və Argentinada daha yüksək məhsul yığımı proqnozlaşdırılır. Dünya üzrə buğda istehsalının isə tarixdə ikinci ən yüksək səviyyəyə çatacağı gözlənilir.

Qeyd edək ki, buğdanın qiyməti avqustun 28-də bir buşel üçün 7,67 dollara yüksələrək son üç il yarımın maksimumunu qeydə almışdı. Həmin vaxtdan etibarən qiymətlər davamlı şəkildə geriləyib.