Kənd təsərrüfatı müəssisələrinin mənfəəti bir ildə 43 faiz artıb

Kənd təsərrüfatı müəssisələrinin mənfəəti

Azərbaycanda kənd təsərrüfatı müəssisələrinin ümumi mənfəəti 2025-ci ildə 446,1 milyon manat təşkil edib. Bu göstərici 2024-cü illə müqayisədə 133,2 milyon manat və ya 42,6 faiz artıb.

Monetar.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2025-ci ildə fəaliyyət göstərən kənd təsərrüfatı müəssisələrinin sayı 1 060 olub. 2024-cü ildə bu rəqəm 1 063 təşkil edib. Yəni müəssisələrin sayı 3 vahid azalsa da, ümumi mənfəət əhəmiyyətli dərəcədə yüksəlib.

Mənfəətlə işləyən müəssisələrin sayı 867-dən 825-ə enib, zərərlə işləyənlərin sayı isə 66-dan 77-yə yüksəlib. Beləliklə, mənfəətlə işləyən müəssisələrin sayı 42 vahid azalıb, zərərlə işləyənlərin sayı isə 11 vahid artıb.

Ümumi rentabellik 2024-cü ildəki 30,1 faizdən 42 faizə yüksəlib. Kənd təsərrüfatı məhsullarının satışının rentabelliyi də 31 faizdən 40,6 faizə çatıb.

Bitkiçilikdə mənfəət 168,6 milyon manatdan 213,6 milyon manata yüksələrək 26,7 faiz artıb. Heyvandarlıqda mənfəət isə 149,1 milyon manatdan 204,4 milyon manata çataraq 37,1 faiz çoxalıb.

Satış rentabelliyi bitkiçilikdə 38,7 faizdən 44,3 faizə, heyvandarlıqda isə 26,7 faizdən 36,3 faizə yüksəlib.