Azərbaycanda noxud istehsalı 2022–2025-ci illərdə 7 667 tondan 11 748,9 tona yüksəlib. Beləliklə, dörd il ərzində məhsul istehsalı 4 081,9 ton və ya 53,2% artıb.
Monetar.az "Azərbaycanın Kənd Təsərrüfatı Statistik Məcmuəsi 2026"ya istinadən bildirir ki, noxud istehsalının əsas hissəsi Lənkəran-Astara iqtisadi rayonunun payına düşür. 2025-ci ildə bu regionda 9 524,1 ton noxud istehsal edilib. Bu, ölkə üzrə ümumi istehsalın təxminən 81%-ni təşkil edir.
İqtisadi rayonlar arasında ikinci yerdə Şirvan-Salyan qərarlaşıb. Burada ötən il noxud istehsalı 907,9 ton olub. Dağlıq Şirvan iqtisadi rayonunda 780,9 ton, Şəki-Zaqatala regionunda isə 351,9 ton məhsul əldə edilib.
Rayonlar üzrə göstəricilərə nəzər saldıqda, Cəlilabad 7 901 tonla ölkənin əsas noxud istehsalçısı kimi seçilir. Qobustanda 403 ton, İsmayıllıda 298 ton, Oğuzda 272 ton, Astara rayonunda isə 339,8 ton noxud istehsal olunub.
2025-ci ildə Biləsuvar rayonunda istehsal 907,9 tona çatıb. Bu göstərici 2022-ci ildəki 76,9 tonla müqayisədə əhəmiyyətli dərəcədə yüksəkdir. Qobustan rayonunda da istehsal artaraq 2022-ci ildəki 91 tondan 403 tona yüksəlib.
Bununla yanaşı, bəzi ərazilərdə noxud istehsalı azalıb. Naxçıvan iqtisadi rayonunda ümumi istehsal 2022-ci ildəki 1 245 tondan 2025-ci ildə 100,2 tona enib. Qarabağ iqtisadi rayonunda Tərtər üzrə istehsal 218 tondan 2024-cü ildə 5,2 tona düşüb, 2025-ci ildə isə məhsul qeydə alınmayıb.
Lənkəran-Astara iqtisadi rayonunda istehsal 2024-cü ildə 10 460,2 tonla ən yüksək göstəriciyə çatdıqdan sonra 2025-ci ildə 9 524,1 tona geriləyib. Buna baxmayaraq, region son ildə də ölkənin ümumi noxud istehsalında aparıcı mövqeyini qoruyub.
