“Aqrar sahə haqqında” qanun layihəsində kənd yerlərinin inkişafı ilə bağlı məsələlərə xüsusi diqqət ayrılıb. Sənəddə aqroparklar, aqroklasterlər, logistika infrastrukturu və aqroturizmin vahid yanaşma əsasında tənzimlənməsi nəzərdə tutulur.
Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Milli Məclisdə “Aqrar sahə haqqında” qanun layihəsinə dair keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, layihədə fermer mağazalarından elektron platformalara qədər müxtəlif satış kanallarının hüquqi statusu müəyyənləşdirilir. Eyni zamanda, kənd təsərrüfatı kooperativlərinə öz satış məntəqələrini yaratmaq hüququ verilir. Bu dəyişikliklərin istehsalçıların bazara birbaşa çıxışını asanlaşdıracağı gözlənilir.
Qanun layihəsi qəbul edilərsə, “Taxıl haqqında”, “Çayçılıq haqqında”, “Pambıqçılıq haqqında” və “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanunların ləğvi nəzərdə tutulur. Bu qanunlarda yer alan aktual müddəalar yeni sənədə daxil ediləcək. Digər sahəvi qanunlar isə qüvvədə saxlanılaraq yeni baza qanunu ilə əlaqələndiriləcək.
Məcnun Məmmədov bildirib ki, qanunun icrasını təmin etmək məqsədilə subsidiyalaşdırma və reytinq qaydaları, həmçinin aqrotexniki tələblərlə bağlı tətbiqi aktlar hazırlanacaq.
Nazir qeyd edib ki, oxşar model Türkiyə, Rusiya və Qazaxıstanda tətbiq olunur. Avropa İttifaqının Ümumi Kənd Təsərrüfatı Siyasəti də dövlət dəstəyinin hədəflənməsi və kənd təsərrüfatı istehsalçılarının vahid qeydiyyatı prinsiplərinə əsaslanır.
Onun sözlərinə görə, yeni qanunun qəbulu dövlət dəstəyinin daha ünvanlı və şəffaf göstərilməsinə, resurslardan səmərəli istifadəyə, kənd yerlərində məşğulluq və gəlirlərin artırılmasına şərait yaradacaq. Nəticədə ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsi hədəflənir.