ABŞ-da buğda fyuçersləri keçən ay enişdən sonra cüzi bahalaşıb

ABŞ-da buğda fyuçersləri keçən ay enişdən sonra

ABŞ-da dekabr tədarüklü buğda fyuçersləri Bakı vaxtı ilə saat 10:24-ə olan məlumata görə, 0,20% bahalaşaraq bir buşel üçün 6,846 dollara yüksəlib. Qiymətlərdəki cüzi artım sentyabr ayında qeydə alınan kəskin enişdən sonra baş verib.

“Farm Futures” analitik mərkəzinin məlumatına əsasən, yumşaq qırmızı payızlıq buğda fyuçersləri sentyabrda təxminən 13% ucuzlaşıb. Bu, 2024-cü ilin iyunundan bəri ən kəskin aylıq qiymət enişidir.

Qeyd edək ki, sentyabrın əvvəlində buğda fyuçerslərinin qiyməti bir buşel üçün 7,95 dollara çataraq son üç ilin ən yüksək səviyyəsini görmüşdü.

ABŞ buğdasının qiymətinə təsir göstərən əsas amillər arasında xarici tələbatın zəifliyi və qlobal bazarda rəqabətin güclənməsi yer alır.

“StoneX” şirkətinin analitiki Mayk Kastlın sözlərinə görə, ABŞ-dan buğda ixracı cari mövsümə son üç ilin ən zəif tempi ilə başlayıb.

“Rusaqrotrans”ın hesabatına əsasən, sentyabrın 29-dan oktyabrın 7-dək dəniz ticarəti bazarlarında ABŞ buğdasının qiyməti ton üzrə 9 dollar azalaraq 287 dollara düşüb.

Qara dənizdə ticarət gəmilərinə edilən hücumlar da buğda kotirovkalarına təsir göstərən risk amillərindən biri olaraq qalır. Beləliklə, ABŞ buğda fyuçerslərindəki cüzi bahalaşmaya baxmayaraq, zəif ixrac tələbi və beynəlxalq rəqabət bazarda qiymətlərə təzyiq göstərməkdə davam edir.

MONETAR.AZ