Qiymətli metallar bazarında çərşənbə axşamı kəskin canlanma müşahidə olunub. ABŞ-da istehlak qiymətləri ilə bağlı yeni məlumatların açıqlanmasından sonra qızıl və gümüşün qiyməti sürətlə artıb.
Ticarət məlumatlarına görə, Moskva vaxtı ilə saat 16:58-də "Comex" birjasında avqust fyuçersləri üzrə qızılın qiyməti 79,8 dollar və ya 2 faiz yüksələrək bir unsiya üçün 4085,5 dollara çatıb.
Sentyabr fyuçersləri üzrə gümüşün qiyməti isə 2,58 faiz artaraq bir unsiya üçün 59,465 dollara yüksəlib.
Bazar iştirakçıları qiymət artımını ABŞ-da inflyasiyanın gözləniləndən daha sürətlə zəifləməsi ilə əlaqələndirirlər.
İyun ayında ABŞ-da illik inflyasiya 3,5 faizə enib. May ayında bu göstərici 4,2 faiz təşkil edirdi. Aylıq ifadədə isə istehlak qiymətləri 0,4 faiz azalıb. Bu nəticələr analitiklərin proqnozlarından daha yaxşı olub.
Məlumatların açıqlanması ABŞ Federal Ehtiyat Sisteminin (FED) pul siyasəti ilə bağlı gözləntiləri də dəyişib. İnflyasiyanın zəifləməsi yaxın iclaslarda uçot dərəcəsinin artırılması ehtimalını azaldıb.
CME Group-un hesablamalarına görə, hazırda mütəxəssislərin yalnız 14 faizi FED-in faiz dərəcəsini 3,5-3,75 faizdən 3,75-4 faiz diapazonuna yüksəldəcəyini gözləyir. Halbuki bir gün əvvəl bu qərarı gözləyənlərin payı 40 faizdən çox idi.
Metal bazarı üzrə müstəqil treyder Tay Vonq bildirib ki, qızılın bahalaşması ABŞ-da istehlak qiymətləri hesabatının gözləniləndən daha zəif inflyasiya göstəriciləri təqdim etməsi ilə bağlıdır.
Onun sözlərinə görə, bu vəziyyət iyul və sentyabr aylarında FED-in faiz artıracağı ilə bağlı gözləntilərin əhəmiyyətli dərəcədə azalmasına səbəb ola bilər.
MONETAR.AZ