Yaxın Şərqdə artan gərginlik fonunda investorların təhlükəsiz maliyyə alətlərinə marağı yenidən artıb. Neftin qiyməti yüksəlib, qızıl isə son iki həftənin maksimum səviyyələrindən birinə çatıb.
Mütəxəssislərin fikrincə, qiymətlərdə kəskin artımdan sonra aktivlərin alınması müəyyən risklər yarada bilər. Maliyyə analitiki Mixail Belyayev bildirib ki, hər bir investor əvvəlcə hansı vəsaiti və hansı müddətə yatırmaq imkanına malik olduğunu müəyyənləşdirməlidir.
Onun sözlərinə görə, qızıl uzunmüddətli yatırım aləti kimi daha uyğundur. Qiymətli metal uzun perspektivdə dəyəri qorumağa kömək edə bilər, lakin onun qiyməti daim yüksəlmir və kəskin artımdan sonra eniş də mümkündür.
Ekspert qeyd edib ki, bir neçə illik investisiya üçün investisiya sikkələri və şəxssizləşdirilmiş metal hesabları daha uyğun variantlar hesab olunur. Zərgərlik məmulatlarını isə kapitalın qorunması vasitəsi kimi qiymətləndirməyib.
Belyayevin fikrincə, kiçik yığımları olan şəxslər üçün ən anlaşılan və sabit seçimlərdən biri bank əmanətləridir. Yüksək faiz dərəcələri bazar dəyişikliklərini gündəlik izləmədən gəlir əldə etməyə imkan verir.
Valyuta alışına gəlincə, ekspert bildirib ki, dollar, avro və yuan qısa müddətdə gəlir əldə etmək vasitəsi deyil. Uzunmüddətli dövrdə milli valyutanın zəifləməsi ehtimalı olsa da, məzənnə dəyişikliklərinin dəqiq vaxtını proqnozlaşdırmaq çətindir.
Mütəxəssisin fikrincə, yaxın zamanda istifadə olunacaq vəsaitləri qızıl və ya xarici valyutaya yönəltmək məqsədəuyğun deyil. Bank əmanətləri qısamüddətli yığım, qiymətli metallar isə uzunmüddətli qorunma aləti kimi nəzərdən keçirilə bilər.
Monetar.az