ABŞ fond bazarı genişmiqyaslı korreksiya dövründən keçir, lakin əsas indikator sayılan S&P 500 indeksində bu eniş təəccüblü dərəcədə mülayim görünür. Bu barədə Bloomberg yazır. Morgan Stanley bankının strateqləri hesab edirlər ki, indeksi dərin düşüşdən xilas edən əsas amil son dərəcə güclü korporativ mənfəətlərdir. Onlar bazarın daha geniş hissəsindəki satış dalğasını “maskalayır”.
Analitiklər qrupunun rəhbəri Michael Wilson bildirir ki, məhz şirkət gəlirlərinin dayanıqlığı və ABŞ iqtisadiyyatının davam edən bərpası səbəbindən S&P 500 yanvar ayında qeydə alınmış tarixi maksimumundan 10%-dən az geriləyib.
Morgan Stanley analitikləri investorları daha dərindən baxmağa çağırır: S&P 500-dəki nisbi sabitliyin arxasında faktiki olaraq tamhüquqlu “ayı bazarı” gizlənir. Belə ki, indeksə daxil olan şirkətlərin qiymətləndirmə multiplikatorları oktyabr pikindən bəri artıq 18% azalıb. Daha da diqqətçəkən mənzərə Russell 3000 indeksindədir. Onun tərkibindəki səhmlərin yarıdan çoxu ən azı 20% dəyər itirib.
“Bu, investorların arxayınlığı deyil. Əksinə, bazarın həm indekslər, həm də ayrı-ayrı səhmlər səviyyəsində bütün riskləri çox dəqiq qiymətləndirdiyini göstərir”, deyə Wilson vurğulayıb.
Onun sözlərinə görə, hazırkı qiymətlərə təkcə geosiyasi risklər deyil, həm də özəl kredit bazarında “köpük” ehtimalı və süni intellektin tətbiqi ilə bağlı risklər artıq daxil edilib.
Bununla belə, görünməmiş geosiyasi risklərə baxmayaraq, Uoll-Strit analitikləri optimist olaraq qalır. Konsensus proqnoza görə, S&P 500 şirkətlərinin korporativ mənfəəti birinci rübün yekunlarına görə 12% arta bilər. Hesabat mövsümü bu həftə başlayır və ilk nəticələrdən birini investisiya nəhəngi Goldman Sachs açıqlayacaq.
Morgan Stanley komandası hesab edir ki, hazırkı satış dalğası artıq “son mərhələyə” daxil olub və investorlara portfellərində riskli aktivlərin payını artırmağa hazırlaşmağı tövsiyə edir.
MONETAR.AZ