Dünya əmtəə bazarlarında şəkər fyuçerslərinin qiymətində enmə müşahidə olunur.
Şəkər ABŞ bazarında 13,6 sent səviyyəsinə qədər geriləyərək son iki ayın minimum göstəricisini qeydə alıb.
Qiymətlərin azalmasına qlobal bazarda təklifin artacağı ilə bağlı gözləntilər təsir göstərir. Xüsusilə Braziliya, Hindistan və Tailand kimi əsas istehsalçı ölkələrdə istehsal həcminin artması bazarda bolluq ehtimalını gücləndirir.
Bazar iştirakçıları hazırda Braziliyada yeni başlayan 2026/2027 yığım mövsümünü yaxından izləyirlər. Mövsümün aktivləşməsi təklifin genişlənməsinə və qiymətlərə aşağı istiqamətli təzyiqin artmasına səbəb olur.
Qeyd edək ki, qlobal şəkər bazarında qiymətlər 2025-ci ilin mart ayından davam edən eniş trendini Yaxın Şərqdə baş verən geosiyasi gərginlikdən sonra qıraraq artım nümayiş etdirmişdi. Həmin dövrdə neft qiymətlərinin yüksəlməsi və etanol tələbinin artacağı ilə bağlı gözləntilər bazara təsir göstərmişdi.
Analitiklər bildirirlər ki, neft qiymətlərində baş verən dəyişikliklər şəkər bazarına birbaşa təsir edir. Belə ki, neftin bahalaşması istehsalçıları etanol istehsalına daha çox yönəldir və bu da şəkər təklifinin azalmasına səbəb olur.
MONETAR.AZ