2026-cı ilin yanvar–mart aylarında sənaye sektorunda artım qeydə alınsa da, emal sənayesində sahələr üzrə fərqli və qeyri-bərabər dinamika müşahidə olunub.
Dövlət Statistika Komitəsinin məlumatına görə hesabat dövründə sənaye məhsulu istehsalı 14,9 milyard manat təşkil edib və real ifadədə 0,2 faiz artım qeydə alınıb.
Bununla yanaşı, emal sənayesində bəzi sahələrdə yüksək artım tempi müşahidə edilsə də, bir sıra istiqamətlərdə ciddi azalmalar diqqət çəkib.
Belə ki, ən yüksək artım avtomobil, qoşqu və yarımqoşquların istehsalında 2,4 dəfə, əczaçılıq məhsullarında 45,4 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işlərində 42,5 faiz, elektrik avadanlıqlarında 33,9 faiz, toxuculuq sənayesində isə 33,3 faiz qeydə alınıb.
Eyni zamanda qida, içki, tikinti materialları və bir sıra yüngül sənaye sahələrində də artım müşahidə olunub.
Lakin bəzi sahələrdə kəskin azalmalar qeydə alınıb. Kompüter, elektron və optik məhsulların istehsalı 29,6 faiz, maşın və avadanlıqların istehsalı 49,7 faiz, ağac emalı 27,5 faiz, kimya sənayesi 13,1 faiz, hazır metal məmulatları 16,8 faiz, dəri və ayaqqabı istehsalı 4,5 faiz azalıb. Bu göstəricilər emal sənayesində artımın qeyri-bərabər xarakter daşıdığını göstərir.
Bundan başqa, elektrik enerjisi, qaz və buxar istehsalı 3,5 faiz, su təchizatı və tullantıların emalı isə 3,1 faiz azalıb ki, bu da ümumi sənaye dinamikasına mənfi təsir göstərən amillərdən biri kimi qiymətləndirilir.
Analitiklər bildirirlər ki, emal sənayesində yüksək artım göstərən sahələrlə yanaşı, bir sıra strateji istehsal istiqamətlərində geriləmələrin olması sektorun struktur sabitliyi baxımından diqqət tələb edir. Xüsusilə maşınqayırma, elektronika və kimya sənayesində azalmalar texnoloji istehsal zəncirində zəiflik siqnalları kimi dəyərləndirilir.
Ümumilikdə isə sənaye sektorunda cüzi artım qeydə alınsa da, emal sənayesində müşahidə olunan qeyri-bərabər inkişaf tendensiyası diqqət mərkəzində qalır.
MONETAR.AZ