Beynəlxalq Valyuta Fondu qlobal iqtisadi artım proqnozunu azaldıb

Beynəlxalq Valyuta Fondu qlobal iqtisadi artım

Beynəlxalq Valyuta Fondu (BVF) 2026-cı il üzrə qlobal iqtisadi artım proqnozunu aşağı salıb.

Beynəlxalq Valyuta Fondu (BVF) 2026-cı il üzrə dünya iqtisadiyyatının artım tempini 3,1 faiz səviyyəsində proqnozlaşdırıb. Bu göstərici əvvəlki qiymətləndirmə ilə müqayisədə 0,2 faiz bəndi aşağıdır. 2027-ci il üçün isə proqnoz 3,2 faiz səviyyəsində saxlanılıb.

Qurum bu dəyişiklikləri Yaxın Şərqdə davam edən münaqişənin qlobal iqtisadiyyata təsirləri ilə əlaqələndirib. BVF-nin məlumatına görə əsas ssenari münaqişənin nəzarət altında qalacağını nəzərdə tutsa da, gərginliyin uzanması dünya iqtisadi artımını daha da zəiflədə və maliyyə bazarlarında sabitliyi poza bilər.

Bildirilib ki, İranla bağlı enerji təchizatı şokunun miqyası 1974-cü il neft böhranı ilə müqayisə oluna biləcək səviyyədədir. Bununla belə, hazırda dünya iqtisadiyyatının daha dayanıqlı olduğu vurğulanır.

Regionlar üzrə proqnozlara əsasən, ABŞ iqtisadiyyatının 2026-cı ildə 2,3 faiz, 2027-ci ildə isə 2,1 faiz artacağı gözlənilir. Çin iqtisadi artımı müvafiq olaraq 4,4 və 4,0 faiz səviyyəsində proqnozlaşdırılır.

Avrozona üzrə artım 2026-cı ildə 1,1 faiz, 2027-ci ildə isə 1,2 faiz səviyyəsində olacaq. Böyük Britaniya və Yaponiya iqtisadiyyatlarında isə zəif artım gözlənilir.

Eyni zamanda BVF bildirir ki, qlobal inflyasiya 2026-cı ildə bir qədər yüksəlsə də, 2027-ci ildə yenidən azalma tendensiyası göstərəcək.

MONETAR.AZ