Zərifə Əliyeva 15 aprel 1985-ci ildə Moskvada vəfat edib. 1994-cü ildə onun nəşi Novodeviçi qəbiristanlığından Bakıya gətirilərək Fəxri Xiyabanda atasının məzarı yanında dəfn olunub.
O, 28 aprel 1923-cü ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. 1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib və elmi fəaliyyətə başlayıb.
Zərifə Əliyeva Azərbaycan oftalmologiya elminin inkişafında mühüm rol oynayıb. Onun elmi tədqiqatları əsasən traxoma, peşə fəaliyyəti ilə bağlı göz xəstəlikləri (xüsusilə kimya və elektronika sənayesində), eləcə də müasir oftalmologiyanın aktual problemlərinə həsr olunub.
Alimin “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi fundamental əsərləri var. O, ümumilikdə 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin, 150-yə yaxın elmi məqalənin müəllifi, həmçinin bir ixtira və bir sıra səmərələşdirici təkliflərin müəllifi olub.
Zərifə Əliyeva həmçinin Ümumittifaq Oftalmoloqlar Cəmiyyətinin Rəyasət Heyətinin üzvü, Sovet Sülh Komitəsinin üzvü və “Vestnik oftalmologii” jurnalının redaksiya heyətinin üzvü kimi fəaliyyət göstərib.
Onun elmi nailiyyətləri yüksək qiymətləndirilib və 1981-ci ildə M.İ. Averbax mükafatı ilə təltif olunub.
Zərifə Əliyeva ümummilli lider Heydər Əliyevin həyat yoldaşı, Prezident İlham Əliyevin anasıdır.
O, 1985-ci il aprelin 15-də Moskva şəhərində vəfat edib.