ABŞ prezidenti Donald Tramp ABŞ-İsrail və İran arasında davam edən münaqişənin sona çatmağa yaxın olduğunu bildirib.
“Düşünürəm ki, bu, bitməyə çox yaxındır. Mən vəziyyəti demək olar ki, yekun mərhələdə görürəm”, – deyə Tramp Fox News telekanalına müsahibəsində qeyd edib.
Prezident çıxışında müharibə ilə bağlı tez-tez keçmiş zaman formalarından istifadə edib. Ona münaqişənin artıq bitib-bitmədiyi sualı verildikdə isə, prosesin hələ davam etdiyini, lakin sona yaxınlaşdığını vurğulayıb.
Tramp əlavə edib ki, ABŞ bölgədən tam çəkiləcəyi halda İranın yenidən toparlanması uzun illər çəkə bilər:
“Əgər biz indi tamamilə geri çəkilsək, o ölkənin yenidən ayağa qalxması 20 il çəkər. Hələ işimiz tamamlanmayıb, amma onlar səmimi şəkildə razılaşma əldə etmək istəyirlər”.
ABŞ lideri İranın nüvə proqramına da toxunaraq bildirib ki, əgər Vaşinqton hərbi müdaxilə qərarı verməsəydi, hazırda nüvə silahına malik İranla üz-üzə qalmaq ehtimalı yüksək olardı.
Qeyd edək ki, Tramp daha əvvəl İranla ikinci mərhələ danışıqların yaxın iki gün ərzində baş tuta biləcəyini də açıqlamışdı.
MONETAR.AZ