Bu gün dünyada Ekoloji Bilik Günü qeyd olunur.
Bu əlamətdar günün əsası 1992-ci ildə Braziliyanın Rio deJaneyro şəhərində keçirilən BMT-nin ətraf mühit və inkişaf üzrə konfransında qoyulub. Həmin toplantıda davamlı inkişaf üçün ekoloji təhsilin vacibliyi xüsusi vurğulanıb. Bundan sonra hər il aprelin 15-i bir çox ölkələrdə Ekoloji Bilik Günü kimi qeyd edilir.
Günün keçirilməsində əsas məqsəd əhali arasında ekoloji biliklərin artırılması, ətraf mühitin mühafizəsi sahəsində maarifləndirmənin gücləndirilməsi və ekoloji təhlükəsizlik məsələlərinə diqqətin yönəldilməsidir. Bu çərçivədə müxtəlif maarifləndirici tədbirlər, aksiyalar və təlimlər təşkil olunur.
Mütəxəssislər bildirirlər ki, müasir dövrdə ekoloji təhsil cəmiyyətin inkişafında prioritet istiqamətlərdən birinə çevrilib. Ətraf mühitə məsuliyyətli yanaşmanın formalaşdırılması və təbii resurslardan səmərəli istifadə gələcək nəsillərin rifahı baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, “ekologiya” termini ilk dəfə 1866-cı ildə alman bioloqu Ernst Hekkel tərəfindən elmi dövriyyəyə daxil edilib. Müasir anlamda ekologiya canlı orqanizmlərin bir-biri ilə və ətraf mühitlə qarşılıqlı əlaqələrini öyrənən elmdir.
Bu gün Ekoloji Bilik Günü təkcə mütəxəssislər üçün deyil, ümumilikdə bütün bəşəriyyət üçün əhəmiyyət kəsb edir. Ekoloji mədəniyyətin formalaşdırılması və təbiətin qorunması istiqamətində atılan addımlar sağlam və təhlükəsiz gələcəyin əsasını təşkil edir.
MONETAR.AZ