Bir tərəf azalır, digər tərəf artır - ÜDM-də tarazlıq axtarışı

Bir tərəf azalır, digər tərəf artır -

2026-cı ilin yanvar–mart aylarında ölkədə ümumi daxili məhsul (ÜDM) istehsalı 29,7 milyard manat təşkil edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,3 faiz azalma deməkdir. Hesabat dövründə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,2 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 0,2 faiz artım qeydə alınıb.

ÜDM-in sahələr üzrə strukturunda əlavə dəyərin 33,5 faizi sənayenin, 11,3 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 7,1 faizi nəqliyyat və anbar təsərrüfatının, 4,6 faizi tikintinin, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığın, 3,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşənin, 2,0 faizi informasiya və rabitə sahələrinin, 23,3 faizi isə digər sahələrin payına düşüb. Məhsula və idxala xalis vergilər ÜDM-in 11,7 faizini təşkil edib.

Sənaye istehsalı artıb

Hesabat dövründə sənaye sektorunda 14,9 milyard manatlıq məhsul istehsal edilib və real ifadədə 0,2 faiz artım qeydə alınıb. Neft-qaz sektorunda istehsal 1,0 faiz azalsa da, qeyri neft-qaz sektorunda 7,2 faiz artım olub.

Sənaye məhsulunun 58,7 faizi mədənçıxarma, 33,5 faizi emal, 6,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, 0,9 faizi isə su təchizatı və tullantıların emalı sahələrində formalaşıb.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 3,4 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 0,7 faiz artıb.

Emal sənayesində bir sıra sahələrdə artım qeydə alınıb. Belə ki, avtomobil və qoşqu istehsalı 2,4 dəfə, əczaçılıq məhsulları 45,4 faiz, elektrik avadanlıqları 33,9 faiz, toxuculuq sənayesi 33,3 faiz, tütün məhsulları 23,2 faiz, poliqrafiya məhsulları 21,8 faiz artıb. Bununla yanaşı, maşın və avadanlıqların istehsalı 49,7 faiz, kimya sənayesi 13,1 faiz, hazır metal məmulatları 16,8 faiz azalıb.

Kənd təsərrüfatında artım

Kənd təsərrüfatı sektorunda 1,7 milyard manatlıq məhsul istehsal olunub və real ifadədə 1,1 faiz artım qeydə alınıb. Heyvandarlıq məhsulları 0,9 faiz, bitkiçilik məhsulları isə 5,5 faiz artıb.

Hesabat dövründə 144,1 min ton ət, 500,5 min ton süd, 567,0 milyon ədəd yumurta və 116,1 min ton tərəvəz istehsal edilib.

Nəqliyyat və rabitə sektorunda artım

Nəqliyyat və anbar təsərrüfatında 3,4 milyard manatlıq xidmət göstərilib və 1,7 faiz artım olub. Yük daşımaları 1,2 faiz, sərnişin daşımaları isə 7,7 faiz artıb.

İnformasiya və rabitə sektorunda isə 931,7 milyon manatlıq xidmət göstərilib və 9,2 faiz artım qeydə alınıb.

MONETAR.AZ