Avropa İttifaqı İran müharibəsi fonunda yaranan enerji qiymət sıçrayışlarından qorunmaq və gələcək böhranların qarşısını almaq üçün iqtisadiyyatın elektrikləşdirilməsini sürətləndirməyə yönəlmiş yeni tədbirlər paketi hazırlayır. Bu barədə Bloomberg yazır.
Məlumata görə, Avropa Komissiyası 22 aprel tarixində “AccelerateEU” adlı planı təqdim edəcək. Sənəd Avropanın neft və qaz idxalından asılılığını azaltmağa yönəlib. Bu asılılıq Yaxın Şərqdə baş verən son hadisələr və Hörmüz boğazı ətrafında yaranan fasilələr fonunda yenidən aktuallaşıb.
Plan beş əsas istiqaməti əhatə edir:
- üzv ölkələr arasında koordinasiya (enerji ehtiyatlarının idarə olunması daxil olmaqla);
- əhali və biznes üçün hədəfli dəstək;
- karbohidrogen istehlakının azaldılması;
- elektrikləşmənin sürətləndirilməsi;
- enerji keçidinə investisiyaların təşviqi.
Strategiyanın əsas elementlərindən biri elektrik enerjisinə keçidin stimullaşdırılmasıdır. Bu məqsədlə enerji vergiləri üzrə qaydaların yenilənməsi nəzərdə tutulur ki, elektrik enerjisinə tətbiq olunan vergilər fosil yanacaqlarla müqayisədə daha aşağı olsun. Həmçinin enerji tutumlu müəssisələr və həssas əhali qrupları üçün sıfır vergi imkanlarının genişləndirilməsi planlaşdırılır (lakin belə qərarlar bütün üzv dövlətlərin razılığını tələb edir).
Bundan əlavə, plan çərçivəsində istilik nasoslarının və geotermal enerjinin geniş tətbiqi nəzərdə tutulur ki, bu da qazdan asılılığı azaltmağa kömək edəcək.
Ursula von der Leyen bildirib ki, İranla bağlı münaqişə başlayandan bəri Aİ-nin fosil yanacaq idxalına xərcləri artıq 22 milyard avrodan çox artıb.
Onun sözlərinə görə, Avropa elektrikləşmə sahəsində ABŞ və Çinlə müqayisədə geri qalır: “Avropanı elektrikləşdirmək onu daha müstəqil edəcək.”
Yeni planın gələn həftə Kiprdə Aİ ölkələrinin liderləri tərəfindən müzakirə olunacağı gözlənilir.