ABŞ-da məşğulluq üzrə gözlənilmədən güclü göstəricilərin Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcəsini növbəti dəfə artıracağı ilə bağlı gözləntiləri gücləndirməsi Bitkoinə təzyiq göstərib. Spot Bitcoin ETF-lərinə əhəmiyyətli vəsait axınına baxmayaraq, kriptovalyuta qısamüddət ərzində 82 000 dollar həddini keçdikdən sonra yenidən 80 000 dollardan aşağı düşüb.
Şənbə günü Bakı vaxtı ilə saat 13:30-da Bitkoin 1,67% ucuzlaşaraq 79 701 dollar səviyyəsində ticarət olunub. Həftənin əvvəlində isə kriptovalyutanın qiyməti təxminən 82 300 dollara yüksəlib. Bu, may ayından bəri müşahidə olunan səviyyələrə qayıdışı təmin edən yüksəliş dalğasının davamı olub.
Bitcoinin əsas geriləməsi ABŞ-da kənd təsərrüfatı sektorundan kənar sahələrdə məşğulluğun avqust ayında 162 min nəfər artması barədə məlumatın açıqlanmasından sonra baş verib. Göstərici “Reuters”in sorğusuna qatılan və 56 min artım proqnozlaşdıran iqtisadçıların gözləntilərini əhəmiyyətli dərəcədə üstələyib. İşsizlik səviyyəsi isə 4,1%-də sabit qalıb.
Məşğulluq hesabatı daha sərt pul-kredit siyasətinin lehinə olan arqumentləri gücləndirib. Belə ki, bazarın FED-in bu ay faiz dərəcəsini 25 baza bəndi artıracağı ilə bağlı gözləntiləri məlumatların açıqlanmasından əvvəlki 52%-dən 59%-ə yüksəlib. Bunun ardınca ABŞ Xəzinədarlığının istiqrazlarının gəlirliliyi və dolların məzənnəsi də artıb.
Daha yüksək faiz dərəcələri istiqrazların gəlirliliyini artırmaqla və maliyyə şərtlərini sərtləşdirməklə Bitcoin və digər riskli aktivlərə təzyiq göstərə bilər. Bu səbəbdən məşğulluq hesabatından sonra bazar iştirakçılarının diqqəti ABŞ-da qarşıdakı inflyasiya göstəricilərinə və FED-in sentyabrın 16-da açıqlayacağı qərara yönəlib.
Bununla yanaşı, institusional investorların tələbi Bitcoin üçün müəyyən tarazlaşdırıcı amil olaraq qalır. ABŞ-da spot Bitcoin ETF-ləri sentyabrın 3-də ümumilikdə 730,8 milyon dollar xalis vəsait cəlb edib. Bu, son səkkiz-doqquz ayın ən güclü gündəlik daxilolması olmaqla yanaşı, 2026-cı ildə böyüklüyünə görə üçüncü ən yüksək gündəlik göstəricidir.
Daxil olan vəsaitin təxminən 454 milyon dolları “BlackRock”un IBIT fondunun payına düşüb.
MONETAR.AZ