Kriptovalyuta bazarında əsas rəqəmsal aktiv olan bitkoinin qiyməti 64 min dollar ətrafında sabitləşib. İnvestorlar ABŞ-da kriptovalyuta sektoruna dair mümkün yeni tənzimləmə addımlarını izləyərkən, İran ətrafında artan geosiyasi gərginlik də riskli aktivlərə marağı məhdudlaşdırır.
ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) tənzimləmə istiqamətində mümkün yeni təşəbbüsləri ilə bağlı gözləntilər kriptobazarın gündəmində əsas mövzulardan biri olaraq qalır. Ağ Evdə keçiriləcək görüşdən yeni tənzimləyici siqnalların gələcəyi ehtimalı da investorların diqqət mərkəzindədir.
Bununla yanaşı, ABŞ xəzinə istiqrazlarının gəlirliliyinin yüksəlməsi maliyyə bazarlarında riskdən yayınma meylini gücləndirib. Bu vəziyyət daha riskli aktivlər sırasında yer alan kriptovalyutalara əlavə təzyiq yaradır.
Bitkoin Bakı vaxtı ilə saat 10:10 radələrində 0,2% ucuzlaşaraq 64 169,4 dollar səviyyəsinə enib.
Analitiklər qeyd edirlər ki, kriptovalyutanın 64 min dollar ətrafında mövqeyini qoruması bazarın geosiyasi təzyiqlərə müəyyən dayanıqlılıq göstərdiyini nümayiş etdirir. Bununla belə, tənzimləmə ilə bağlı qeyri-müəyyənlik və investorların riskli aktivlərdən uzaqlaşması bitkoinin yüksəliş potensialını məhdudlaşdıran əsas amillər olaraq qalır.
MONETAR.AZ