Rusiyanın qərb limanlarından neft ixracı plandan 15 faiz geri qalıb

Rusiyanın qərb limanlarından neft ixracı plandan

Rusiyanın qərb limanlarından xam neft ixracı avqust ayının ilk yarısında planlaşdırılan həcmdən əhəmiyyətli dərəcədə aşağı olub. “Reuters”in treyderlərə istinadən yaydığı məlumata görə, buna əsas səbəb Qara dənizdə yerləşən Novorossiysk limanında yaranan fasilələrdir.

Məlumata əsasən, avqustun ilk iki həftəsində Rusiyanın qərb limanlarından gündəlik neft ixracı təxminən 2,3 milyon barel təşkil edib. Bu göstərici əvvəlcədən nəzərdə tutulan yükləmə planından təxminən 15% azdır.

İlkin plana görə, Baltik dənizində yerləşən Primorsk və Ust-Luqa, eləcə də Qara dənizdəki Novorossiysk limanlarından avqust ayında gündəlik təxminən 2,7 milyon barel neft ixracı həyata keçirilməli idi.

Lakin treyderlərin məlumatına görə, Novorossiysk limanından ixrac həcmi ciddi şəkildə azalıb. Rusiyanın “Urals”, eləcə də Qazaxıstanın “KEBCO” markalı nefti də daxil olmaqla, bu limandan gündəlik ixrac 0,4 milyon barelə qədər geriləyib.

Müqayisə üçün qeyd edək ki, iyun və iyul aylarında Novorossiyskdən gündəlik 0,8–1 milyon barel həcmində neft yüklənirdi.

Bazar iştirakçılarının sözlərinə görə, limandakı gecikmələr nəticəsində yükləmə cədvəli iki həftədən artıq geridə qalıb.

Belə ki, hələ iyulun sonunda yola salınması planlaşdırılan bəzi neft partiyaları yalnız son günlərdə ixrac olunmağa başlayıb.

Qara dənizdə Rusiya neft yüklərinə qarşı təhlükəsizlik risklərinin artması fonunda Moskva Qazaxıstan neftinin ixrac marşrutunda da dəyişiklik edib.

Belə ki, “KEBCO” markalı Qazaxıstan neftinin Baltik dənizindəki Ust-Luqa limanı vasitəsilə daşınması dayandırılaraq Novorossiysk limanına yönəldilib.

Bu qərarın məqsədi Baltik limanlarında əlavə ixrac gücü yaratmaq və həmin terminalları Rusiya mənşəli neftin daşınması üçün daha geniş istifadə etməkdir.

Eyni zamanda, Ukraynanın Rusiya mənşəli olmayan yüklərə zərbə endirməyəcəyinə dair verdiyi öhdəlik səbəbindən Qazaxıstan neftinin Qara dəniz marşrutu ilə ixracının nisbətən təhlükəsiz hesab olunduğu bildirilir.

MONETAR.AZ