Çin neft və qaz üzrə hədəflərini təqdim edib

Çin neft və qaz üzrə hədəflərini

Çin neft və qaz sektorunun inkişafı ilə bağlı 15-ci beşillik planını açıqlayıb. Sənəddə 2030-cu ilədək ölkənin enerji infrastrukturunun genişləndirilməsi və təbii qaz təchizatının gücləndirilməsi üzrə əsas göstəricilər müəyyən edilib.

Plana əsasən, 2030-cu ilə qədər mayeləşdirilmiş təbii qazın (LNG) qəbulu üzrə illik gücün 200 milyon tona çatdırılması nəzərdə tutulur. Eyni zamanda, ölkənin təbii qaz anbarlarının tutumu milli istehlakın 13 faizindən artıq səviyyəyə yüksəldilməlidir.

Çin həmçinin quru boru kəmərləri vasitəsilə illik 114 milyard kubmetr həcmində təbii qaz idxalını təmin edəcək infrastruktur formalaşdırmağı planlaşdırır.

Enerji infrastrukturunun genişləndirilməsi çərçivəsində bir sıra iri layihələrin icrasının sürətləndirilməsi də nəzərdə tutulub. Bunlar arasında Hainan–Quandun qaz kəmərinin tikintisinin davam etdirilməsi, Lianyungang–Yizheng neft kəmərinin və Wen 23–Anqiu qaz kəmərinin inşasının sürətləndirilməsi xüsusi yer tutur.

Bundan başqa, LNG terminallarından, o cümlədən Beihai terminalından ayrılan qol kəmərlərinin tikintisinin genişləndirilməsi planlaşdırılır.

Sənəddə təbii qazla yanaşı, kömür qazı və kömür laylarından hasil olunan metanın da milli magistral boru kəməri şəbəkəsinə inteqrasiyasına dəstək verilməsi nəzərdə tutulur. Bu məqsədlə Zhumadian şəhərinə kömür qazının nəqlini təmin edəcək boru kəmərinin, həmçinin Yuncheng–Sanmenxia xəttinin tikintisi planlaşdırılıb.

Yeni beşillik planla Pekin enerji təchizatının sabitliyini gücləndirməklə yanaşı, qaz idxalı, saxlanc imkanları və ölkədaxili boru kəməri şəbəkəsinin genişləndirilməsini də prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib.

MONETAR.AZ