Azərbaycanda ənənəvi sabit telefon rabitəsinin istifadə dairəsi son illərdə əhəmiyyətli dərəcədə daralıb. 2021–2025-ci illərin statistik göstəriciləri sabit telefon xətlərinin, xüsusilə mənzillərdə istifadə olunan telefonların sayında ciddi azalma olduğunu göstərir. Bununla yanaşı, telefon şəbəkəsinin texniki tutumu və yeni nəsil şəbəkələrin infrastrukturu üzrə də mühüm dəyişikliklər baş verib.
2025-ci ilin sonuna ölkədə ümumi istifadədə olan sabit telefon xətlərinin sayı 1 milyon 147,3 min təşkil edib. 2021-ci ildə bu göstərici 1 milyon 492,2 min idi. Beləliklə, beş il ərzində sabit telefon xətlərinin sayı 344,9 min və ya təxminən 23,1 faiz azalıb.
Azalma ardıcıl xarakter daşıyıb. 2022-ci ildə sabit telefon xətlərinin sayı 1 milyon 452,2 min, 2023-cü ildə 1 milyon 441,5 min, 2024-cü ildə 1 milyon 290,6 min, 2025-ci ildə isə 1 milyon 147,3 min olub.
Sabit telefon bazarında ən böyük geriləmə yaşayış evlərində qeydə alınıb. 2021-ci ildə mənzillərdə 1 milyon 377,2 min sabit telefon xətti olduğu halda, 2025-ci ildə bu rəqəm 834,1 minə düşüb.
Bu, 5 il ərzində 543,1 min xətt və ya 39,4 faiz azalma deməkdir.
MONETAR.AZ