Rusiyanın sistem əhəmiyyətli bankları sentyabrın 1-dən rəqəmsal rublun istifadəyə verilməsinə hazırdır.
Monetar.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının Milli Ödəniş Sistemi Departamentinin direktoru Alla Bakina bildirib.
Onun sözlərinə görə, Rusiyanın 12 sistem əhəmiyyətli bankı sentyabrın 1-dən müştərilərinə rəqəmsal rubl hesabları açmaq və bu valyuta ilə əməliyyatlar aparmaq imkanı yaradacaq. Bu banklar ölkənin ödəniş bazarının 80 faizindən çoxunu əhatə edir.
Ödəniş xidmətləri bazarında əhəmiyyətli hesab edilən daha 9 kredit təşkilatının da rəqəmsal rubla keçid prosesinə hazırlaşdığı bildirilir. Onlardan bir çoxu artıq pilot layihədə iştirak edir.
Bununla yanaşı, 3 bank yalnız bu ilin fevralında ödəniş bazarında əhəmiyyətli statusu əldə edib. Bu bankların sistemlərini uyğunlaşdırması üçün daha çox vaxt tələb oluna bilər. Mərkəzi Bank onların ilin sonunadək prosesə qoşulmasına yardım göstərəcəyini açıqlayıb.
Rusiya Mərkəzi Bankının nümayəndəsi rəqəmsal rublun mahiyyətcə ölkənin milli valyutasının yeni forması olduğunu bildirib. Rəqəmsal rubl nağd vəsait və bank hesablarındakı nağdsız pullara əlavə olaraq dövriyyəyə buraxılır və Rusiya Mərkəzi Bankının platformasındakı rəqəmsal pulqabında saxlanılır.
Rəqəmsal rubldan istifadə Rusiya vətəndaşları üçün könüllü olacaq. Hesab bankın mobil tətbiqi vasitəsilə açıla biləcək və əməliyyatlar bank sirri ilə qorunacaq.
Sentyabrın 1-dən illik gəliri 120 milyon rubldan çox olan iri ticarət şəbəkələri rəqəmsal rublla ödənişləri qəbul etməyə başlayacaq. Daha kiçik satıcılar üçün də bu öhdəlik mərhələli şəkildə tətbiq ediləcək.
Ödəniş zamanı müştəri bank tətbiqi vasitəsilə xüsusi QR-kodu skan edərək ödəniş vasitəsi kimi rəqəmsal rublu seçəcək və əməliyyatı təsdiqləyəcək.
Rəqəmsal rublun daha geniş tətbiqinə 1 sentyabr 2026-cı ildən başlanılması nəzərdə tutulur.