Çində depressiya riskini proqnozlaşdıran süni intellekt modeli hazırlanıb

Çində depressiya riskini proqnozlaşdıran süni intellekt

Çinin Şençjen Universitetinin alimləri insanlarda depressiyanın inkişaf riskini əvvəlcədən qiymətləndirə bilən süni intellekt modeli hazırlayıblar. Bu barədə "South China Morning Post" (SCMP) məlumat yayıb.

Tədqiqatçıların bildirdiyinə görə, model yaxın dörd il ərzində depressiyanın yaranma ehtimalını proqnozlaşdıra bilir. Texnologiya Avropada yeniyetmələr arasında depressiya ilə bağlı aparılmış iki klinik tədqiqatın məlumatları əsasında hazırlanıb.

Araşdırmalarda 16, 19 və 23 yaşlı iştirakçılar yer alıblar. Tədqiqatlardan birində funksional maqnit-rezonans tomoqrafiyası (fMRT) zamanı iştirakçılara xoşbəxt, qəzəbli və neytral üz ifadələrini əks etdirən şəkillər göstərilib. Əldə olunan məlumatların təhlili göstərib ki, depressiya riski insanların üz ifadələrindəki emosiyaları qavrama və şərh etmə xüsusiyyətləri ilə əlaqəli ola bilər.

Alimlərin sözlərinə görə, depressiyası olmayan insanlar başqalarının emosional ifadələrini daha asan tanıyır və onlara uyğun reaksiya verirlər. Depressiyaya meylli şəxslər isə üz ifadələrini daha çox mənfi istiqamətdə şərh etməyə, xüsusilə də ətrafdakı insanların onlara qəzəbli olduğunu düşünməyə meylli olurlar.

SCMP-nin məlumatına əsasən, yeni süni intellekt modeli beyin fəaliyyətindəki bu fərqləri təhlil edərək depressiya riskini proqnozlaşdırır. Tədqiqatçılar bildirirlər ki, model beyin neyronlarının müxtəlif emosional stimullara reaksiyasını yüksək dəqiqliklə təhlil edə bilir və bu xüsusiyyət gələcəkdə erkən diaqnostika və profilaktika sahəsində faydalı ola bilər.

MONETAR.AZ