"Microsoft" istifadəçilərə "Windows" əməliyyat sisteminin işini sürətləndirməyin ən sadə yollarından birini yenidən xatırladıb. "Neowin"in şirkətin materiallarına istinadən verdiyi məlumata görə, əsas tövsiyə sistem açılarkən avtomatik işə düşən lazımsız proqramların deaktiv edilməsidir.
Şirkətin mütəxəssisləri bildiriblər ki, kompüter işə salınarkən çox sayda tətbiqin eyni vaxtda avtomatik başlaması əməliyyat sisteminin yüklənməsini ləngidə və arxa planda əlavə resurs sərfiyyatına səbəb ola bilər. "Microsoft" qeyd edib ki, bir çox istifadəçi bu funksiyadan xəbərsiz olduğu üçün onu yenidən diqqətə çatdırıb.
Bunun üçün istifadəçilər Parametrlər (Settings) menyusuna daxil olaraq Tətbiqlər (Apps) bölməsini, daha sonra isə Avtoyükləmə (Startup) alt bölməsini açmalıdırlar. Burada sistem açılarkən avtomatik işə düşən proqramları nəzərdən keçirmək və zəruri olmayan tətbiqləri söndürmək mümkündür.
Daha ətraflı məlumat əldə etmək istəyən istifadəçilər isə Ctrl + Shift + Esc klaviş kombinasiyası ilə Tapşırıq meneceri (Task Manager) proqramını aça bilərlər. Buradakı Avtoyükləmə tətbiqləri (Startup apps) bölməsində hansı proqramların avtomatik işə düşdüyü, eləcə də onların prosessor (CPU) və operativ yaddaşdan (RAM) nə qədər resurs istifadə etdiyi göstərilir.
"Neowin" qeyd edir ki, bu üsul uzun müddətdir "Windows" istifadəçilərinə tanış olsa da, texniki bilikləri məhdud olan istifadəçilər üçün faydalı xatırlatma hesab oluna bilər.
Bundan əvvəl "Microsoft" istifadəçilərə təhlükəsizlik risklərini minimuma endirmək məqsədilə "Windows" üçün yayımlanan təcili yeniləmələrin üç gün ərzində quraşdırılmasını və avtomatik yeniləmə funksiyasının aktiv saxlanılmasını da tövsiyə etmişdi.
MONETAR.AZ