“Samsung”un ən uğursuz smartfonları açıqlanıb

“Samsung”un ən uğursuz smartfonları

“Samsung” tarixində bütün modellər istifadəçilərin gözləntilərini doğrultmayıb. “How-To Geek” nəşrinin jurnalistləri Cənubi Koreya şirkətinin istehsal etdiyi ən uğursuz smartfonların siyahısını hazırlayıblar.

Siyahını nəşrin redaktoru Kori Qünter tərtib edib. Uzun müddətdir “Android” cihazlarından istifadə etdiyini bildirən müəllif “Samsung”un ən problemli smartfonlarını müxtəlif meyarlar üzrə qiymətləndirib.

Qünterin fikrincə, şirkətin ən uğursuz smartfonu “Galaxy Note 7” olub. Modelin əsas problemi batareyanın konstruksiyasındakı qüsurla bağlı idi. Bir sıra cihazlarda batareyanın həddindən artıq qızması nəticəsində yanğın və partlayış halları qeydə alınmışdı.

Siyahıda 2010-cu ildə təqdim olunan “Galaxy Continuum” modeli də yer alıb. Smartfon yalnız “Verizon” operatorunun abunəçiləri üçün satışa çıxarılmışdı. Müəllifin fikrincə, bu model “Samsung”un yalnız bir operatorun müştərilərinə təqdim etdiyi son smartfonlardan biri kimi yadda qalıb.

Nəşrin diqqət çəkdiyi digər modellərdən biri “Galaxy S22”dir. Müəllif bu smartfonda istifadə zamanı həddindən artıq qızmaya səbəb olan konstruktiv problemlərin olduğunu qeyd edib.

“Galaxy S5” isə əsasən dizayn və korpus xüsusiyyətlərinə görə tənqid olunub. Qünter modelin plastik arxa panelini və şarj portunun konstruksiyasını uğursuz həll kimi qiymətləndirib.

Siyahıda “Galaxy Nexus” da yer alıb. Müəllif bu modelin batareya ömrünün olduqca zəif olduğunu vurğulayıb və gündəlik istifadədə əlavə batareya daşımaq məcburiyyətində qaldığını bildirib.

Bu arada, “XDA” portalının jurnalistləri daha əvvəl “Samsung” smartfonlarında “Samsung Language Core” tətbiqinə diqqət çəkiblər. Onların sözlərinə görə, tətbiqin silinməsi cihazda təxminən 3 GB yaddaş sahəsi boşalda bilər.

Mütəxəssislər bildiriblər ki, komponent əsasən neyron şəbəkələrin internet bağlantısı olmadan işləməsinə imkan yaradır və bütün istifadəçilər üçün vacib funksiyaya malik deyil.

MONETAR.AZ