Sintetik daşlar bazarda qaydaları necə dəyişir?

Sintetik daşlar bazarda qaydaları

Almaz sənayesi son illərdə ənənəvi biznes modelini kökündən dəyişə biləcək yeni rəqiblə üz-üzə qalıb. Söhbət laboratoriyada yetişdirilən almazlardan gedir. “Bloomberg” yazır ki, texnologiyanın inkişafı nəticəsində təbii almazdan fiziki, kimyəvi və optik xüsusiyyətlərinə görə demək olar ki, fərqlənməyən daşları cəmi bir həftəyə və olduqca aşağı qiymətə istehsal etmək mümkündür.

“Tenoris LLC”nin həmtəsisçisi Edan Golan ənənəvi almaz sənayesinin gələcəyini izah edərkən nümunə kimi “Walmart”ın onlayn mağazasında satılan məhsulu göstərir. Çəkisi yarım karat olan, yəni təxminən iki mərcimək ölçüsündə sintetik almazdan hazırlanmış sırğaların qiyməti cəmi 12 dollar təşkil edir.

Bu mənzərə bir vaxtlar yalnız təbii yolla əldə edilə bilən və buna görə də yüksək qiymətləndirilən almaz bazarında baş verən dəyişimin miqyasını göstərir.

Laboratoriya almazlarının istehsal texnologiyası əslində yeni deyil. İlk nümunələr hələ 1950-ci illərdə ortaya çıxıb. Lakin uzun müddət bu üsulla istehsal olunan daşlar kiçik ölçülü və keyfiyyətsiz olub.

Sektor üçün əsas dönüş nöqtəsi COVID-19 pandemiyası zamanı baş verib. Mağazaların bağlanması, elektron ticarətin sürətli inkişafı və sosial şəbəkələrdə münasib qiymətə zinət əşyalarının geniş təbliği laboratoriya almazlarına, xüsusilə də sırğalara tələbatı artırıb.

Edan Golan bu tendensiyanı insanların pandemiya dövründə videozənglərə daha çox vaxt ayırması ilə də əlaqələndirir. Onun fikrincə, insanlar bir-birini əsasən çiyindən yuxarı gördükləri üçün görünüşlərini parlaq zinət əşyaları ilə tamamlamaya çalışıblar.

Pandemiyadan sonra laboratoriya və təbii almazlar eyni mağazalarda yanaşı satılmağa başlayıb. Müstəqil analitik və məsləhətçi Pol Ziminskinin fikrincə, məhz bundan sonra ənənəvi almaz sənayesi üçün ciddi problem yaranıb: alıcı vizual baxımdan demək olar ki, eyni görünən iki daş arasında böyük qiymət fərqini əsaslandırmaqda çətinlik çəkir.

Golanın fikrincə, laboratoriya almazlarının yaratdığı təhlükəni anlamaq üçün mirvari bazarının tarixçəsinə nəzər salmaq kifayətdir.

Bir vaxtlar təbii mirvarilər dünyanın ən bahalı məhsulları sırasında idi. Onların əldə edilməsi olduqca çətin olduğundan hətta sadə mirvari boyunbağının qiyməti milyon dolları keçə bilirdi.

Lakin XX əsrin əvvəllərində mirvarinin sənaye üsulu ilə yetişdirilməsi mümkün oldu. Bununla birlikdə məhsulun qıtlığı aradan qalxdı və qiyməti kəskin şəkildə aşağı düşdü. Təbii mirvarilər əvvəlki dəyərinə heç vaxt qayıtmadı.

Golan hesab edir ki, almaz sənayesi də oxşar ssenari ilə üzləşə bilər. Onun sözlərinə görə, bu gün bir çox istehlakçı hətta “süni mirvari” ifadəsini də fərqləndirmir və kultivasiya olunmuş mirvarinin təbii mirvaridən ayrı məhsul olduğunu bilmir.

Təbii almazların qarşılaşdığı başqa bir problem onların mənşəyi ilə bağlıdır.

Laboratoriya daşlarının ucuzluğu fonunda təbii almaz sənayesinin qarşısında əsas sual yaranır: istehlakçı niyə daha bahalı məhsulu seçməlidir?

Təbii almazın hasilatı, daşınması, sertifikatlaşdırılması və təchizat zəncirinə nəzarət əlavə xərclər yaradır. Laboratoriya almazının istehsalında isə texnologiyanın inkişafı maya dəyərini kəskin aşağı salıb.

Bu səbəbdən hasilatçı şirkətlər, mədən ölkələrinin hökumətləri və böyük zərgərlik şəbəkələri təbii almazın sadəcə zinət əşyası deyil, milyonlarla il ərzində formalaşmış nadir təbiət məhsulu kimi təqdim edilməsinə çalışırlar.

Bu strategiyanın əsas elementlərindən biri almazın hekayəsini ön plana çıxarmaqdır.

Almaz sənayesindəki şirkətlər bütün bu dəyişikliklərə baxmayaraq, təbii daşların gələcəyinə nikbin yanaşırlar.

“De Beers Group”un baş icraçı direktoru Al Kuk laboratoriya almazlarının ucuzlaşmasını belə təbii daş bazarı üçün təhlükə kimi qiymətləndirmir. Onun fikrincə, “Walmart” kimi mağazalarda 12 dollara laboratoriya almazı almaq insanların münasib qiymətə gözəl zinət əşyasına sahib olmasına imkan verir və bu, özlüyündə müsbət haldır.

Pol Ziminski də uzunmüddətli perspektivdə təbii almazlara tələbatın qorunacağına inanır. O, Adam Smitin “Xalqların sərvəti” əsərində almazların istehlak dəyərinin məhdud olmasına baxmayaraq, insanların onlara yüksək qiymət verməsini xatırlatmasını nümunə gətirir.

Ziminskinin fikrincə, almazın dəyəri təkcə onun fiziki xüsusiyyətlərindən deyil, nadirliyindən, tarixindən, emosional əhəmiyyətindən və insanlar üzərində yaratdığı heyranlıqdan qaynaqlanır.

Onun qənaətincə, məhz bu amillər təbii almazları laboratoriya analoqlarından fərqləndirə bilər. Analitik hesab edir ki, bazardakı hazırkı böhrandan sonra təbii almazlara tələbat yenidən bərpa olunacaq.

Beləliklə, laboratoriya almazlarının sürətlə ucuzlaşması təbii daşların iqtisadi dəyərinə ciddi təzyiq göstərsə də, qarşıdurma yalnız qiymət üzərində qurulmur. Bir tərəfdə demək olar ki, eyni fiziki xüsusiyyətlərə malik və əlçatan sintetik daşlar, digər tərəfdə isə nadirlik, təbiilik və emosional dəyər üzərində qurulan ənənəvi almaz modeli dayanır. Bazarda hansı yanaşmanın üstün gələcəyini isə istehlakçıların bu iki anlayışdan hansına daha çox dəyər verəcəyi müəyyənləşdirəcək.

MONETAR.AZ