“Üzeyir Hacıbəyli” quru yük gəmisinin əsaslı təmiri başa çatıb

“Üzeyir Hacıbəyli” quru yük gəmisinin

“AZCON Holding”ə daxil olan Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (ASCO) Dəniz Nəqliyyatı Donanmasının tərkibində fəaliyyət göstərən “Üzeyir Hacıbəyli” quru yük gəmisində əsaslı təmir işləri tamamlanıb.

ASCO-dan AZƏRTAC-a bildirilib ki, təmir işləri “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda həyata keçirilib. İşlər çərçivəsində gəminin baş və köməkçi mühərrikləri, eləcə də nasosları daxil olmaqla müxtəlif mexanizmləri əsaslı şəkildə təmir olunub.

Gəmidə boru və elektrik sistemlərinin quraşdırılması, avtomatika ilə bağlı işlər, həmçinin gövdə üzrə qaynaq əməliyyatları da yerinə yetirilib.

Gəminin yaşayış sahələri yenilənib

Təmir zamanı “Üzeyir Hacıbəyli”nin həm sualtı, həm də suüstü hissələri abraziv qumla tam təmizlənərək yenidən rənglənib.

Bununla yanaşı, gəminin yaşayış və xidməti otaqları müasir tələblərə uyğun şəkildə yenilənib və təmir edilib.

“Üzeyir Hacıbəyli” quru yük gəmisinin uzunluğu 108,33 metr, eni 16,74 metrdir. Gəmi 5 200 ton yükdaşıma qabiliyyətinə malikdir.