18 avqustda 18 avtomobil hərraca çıxarılır – qiymətlər 4 min manatdan başlayır

18 avqustda 18 avtomobil hərraca çıxarılır –

Avqustun 18-də dövlət qurumlarının balansında olan 18 nəqliyyat vasitəsi hərraca çıxarılacaq. Avtomobillərin start qiymətləri 4 min manatdan başlayır.

Monetar.az xəbər verir ki, hərrac saat 10:00-da keçiriləcək. Satışa çıxarılan avtomobillər arasında Toyota, Nissan, Hyundai və Fiat markalı nəqliyyat vasitələri yer alır.

Hərraca ən aşağı qiymətlə çıxarılan avtomobil 2007-ci il buraxılışlı Nissan Maximadır. Nərimanov Rayon İcra Hakimiyyətinin balansında olan avtomobilin start qiyməti 4 min manat, iştirak üçün tələb olunan 10 faizlik beh isə 400 manatdır.

Siyahıda 4,7 min manat start qiyməti ilə 2007-ci il Nissan Altima, 5 min manatla 2010-cu il Hyundai Sonata, 5,5 min manatla isə 2014-cü il Fiat Doblo da var.

Daha çox sayda avtomobil isə 6-9 min manat aralığında hərraca çıxarılır. Belə ki, 2011-ci il buraxılışlı bir neçə Nissan Sunny avtomobilinin start qiyməti 6 min manat, 2013-cü il buraxılışlı Nissan Sunny-lərin bir qisminin qiyməti isə 7,5 min manat müəyyən edilib.

Siyahıda 2013-cü il Toyota Corolla modellərindən biri 8,5 min manat, digəri isə 9 min manat start qiyməti ilə təqdim olunur.

Hərracın ən yüksək start qiyməti isə 2008-ci il buraxılışlı Toyota Land Cruiser Prado üçün müəyyənləşdirilib. İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondunun balansında olan avtomobil 18 min manata satışa çıxarılır. Bu avtomobil üzrə 10 faizlik beh məbləği 1 800 manatdır.

Digər yüksək qiymətli avtomobillər arasında 2014-cü il Hyundai Sonata 11 min manat start qiyməti ilə yer alır. Bu avtomobil üçün beh məbləği 1 100 manatdır.

Ümumilikdə siyahıdakı 18 avtomobilin start qiymətlərinin cəmi 143,2 min manat təşkil edir. Bütün avtomobillər üzrə 10 faizlik behin ümumi məbləği isə 14,32 min manatdır.

Hərraca çıxarılan avtomobillərin 11-i “Nissan Sunny”, 2-si Toyota Corolla, digər 5-i isə Toyota Camry, Nissan Altima, Hyundai Sonata, Toyota Land Cruiser Prado, Nissan Maxima və Fiat Doblo modelləridir.

Nəqliyyat vasitələri müxtəlif dövlət qurumlarının balansındadır. Siyahıda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Biznesinin İnkişafı Fondu, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti və “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin balansındakı avtomobillər yer alır.