2027-ci il yanvarın 1-nə Azərbaycanın ümumi dövlət borcunun 27 milyard 604,1 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır. Monetar.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin dövlət borcunun idarəedilməsi ilə bağlı açıqladığı məlumatda bildirilib.
Proqnoza əsasən, həmin tarixə xarici dövlət borcu 4 milyard 833 milyon ABŞ dolları, daxili dövlət borcu isə 19 milyard 387,1 milyon manat təşkil edəcək.
Dövlət borcuna xidmət xərclərinin dövlət büdcəsi xərclərinə nisbəti 2026-cı ilin birinci yarısında 5,6 faiz olub. Bununla da orta və uzunmüddətli Strategiyada nəzərdə tutulan, dövlət borcuna xidmət xərclərinin dövlət büdcəsi xərclərinin 10 faizindən artıq olmaması üzrə yuxarı həddə əməl edilib.
2027-ci il yanvarın 1-nə xarici dövlət borcunun 59,5 faizinin 5 ilədək, 34,9 faizinin 5-10 il ərzində, 5,6 faizinin isə 10 ildən artıq müddətdə kreditorlara ödənilməsi gözlənilir.
Yeni cəlb olunacaq xarici dövlət borcu üzrə öhdəliklərin müvafiq istinad dərəcəsinə əlavə olaraq 0,5-1,5 faiz marja ilə cəlb edilməsi nəzərdə tutulur.
Daxili dövlət borcunun strukturunda isə daxili maliyyə bazarlarında emissiya olunmuş dövlət istiqrazlarının payının 55,3 faiz təşkil edəcəyi proqnozlaşdırılır.
İlin sonuna dövriyyədə olan dövlət istiqrazlarının 51 faizinin 5 ilədək, 49 faizinin isə 5 il və daha artıq müddətə olan istiqrazların payına düşəcəyi gözlənilir.