Dövlət büdcəsinin xərclərinin 41 milyard manata çatacağı gözlənilir

Dövlət büdcəsinin xərclərinin

2026-cı ilin sonunda Azərbaycanın dövlət büdcəsinin xərclərinin 40 milyard 862,6 milyon manat təşkil edəcəyi gözlənilir. Monetar.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin “2026-cı ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər” sənədində bildirilib.

Gözlənilən büdcə xərcləri təsdiq olunmuş göstərici ilə müqayisədə 2 faiz və ya təxminən 841 milyon manat azdır.

Ümumi xərclərin 60,5 faizi və ya 24 milyard 713,1 milyon manatı cari xərclərin, 33,5 faizi və ya 13 milyard 691,8 milyon manatı əsaslı xərclərin payına düşəcək.

Dövlət borcuna xidmətlə bağlı xərclər isə 2 milyard 457,6 milyon manat təşkil edəcək. Bu məbləğ ümumi xərclərin 6 faizinə bərabərdir və təsdiq olunmuş göstərici səviyyəsində saxlanılıb.

Dövlət borcuna xidmət xərclərinin 1 milyard 400 milyon manatı xarici dövlət borcunun, 1 milyard 57,6 milyon manatı isə daxili dövlət borcunun ödənilməsinə yönəldiləcək.

Funksional təsnifata əsasən, ümumi dövlət xidmətləri üzrə xərclərin 5 milyard 462,8 milyon manat olacağı gözlənilir. Sosial müdafiə və sosial təminat xərcləri 4 milyard 824,2 milyon manat təşkil edəcək.

Müdafiə və milli təhlükəsizlik xərclərinin 8 milyard 562,8 milyon manat, iqtisadi fəaliyyət üzrə xərclərin 7 milyard 699,5 milyon manat olacağı proqnozlaşdırılır.

Təhsil xərcləri 4 milyard 880,1 milyon manat, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərcləri 3 milyard 286,2 milyon manat, səhiyyə xərcləri isə 1 milyard 987,3 milyon manat səviyyəsində gözlənilir.

Kənd təsərrüfatına 1 milyard 202 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və gənclər siyasətinə 625,8 milyon manat, ətraf mühitin mühafizəsinə isə 411,6 milyon manat vəsait yönəldiləcək.

Mənzil və kommunal təsərrüfatı üzrə xərclərin 321,3 milyon manat, əsas bölmələrə aid edilməyən xidmətlər üzrə xərclərin isə 1 milyard 598,9 milyon manat olacağı gözlənilir.