Azərbaycanda 2026-cı il üzrə iqtisadi artımı proqnozu 1,7 faizə endirilib

Azərbaycanda 2026-cı il üzrə iqtisadi artımı proqnozu

2026-cı ildə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) real ifadədə 1,7 faiz artaraq 138 milyard manata çatacağı gözlənilir. Monetar.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin yenilənmiş makroiqtisadi proqnozlarında bildirilib.

Yeni proqnoza əsasən, ÜDM-in həcmi dövlət büdcəsi layihəsi hazırlanarkən təqdim edilmiş göstəricidən nominal ifadədə 3,9 milyard manat çox olacaq.

Qeyri-neft ÜDM-in isə real ifadədə 3,1 faiz artaraq 100 milyard manata çatacağı gözlənilir. Bununla belə, bu göstərici əvvəlki proqnozla müqayisədə nominal ifadədə 1,7 milyard manat aşağıdır.

İqtisadiyyat Nazirliyi qeyri-neft-qaz sektorunda ÜDM-in real artım tempi üzrə proqnozu 5 faizdən 3,1 faizə endirib. Buna tikinti və turizm sektorlarında gözlənilən nisbətən aşağı artım templərinin təsir etdiyi bildirilir.

Eyni zamanda, 2026-cı il üzrə orta illik inflyasiya proqnozu da yüksəldilib. Belə ki, əvvəlki 4,8 faizlik proqnoz 5,7 faizə çatdırılıb.

Proqnozların yenilənməsinə qlobal iqtisadi artım, enerji daşıyıcılarının qiymətləri, dünya ərzaq və əmtəə bazarlarındakı dəyişikliklər, idxal qiymətləri və tənzimlənən mal və xidmət tariflərindəki dəyişikliklər təsir edib.

Beynəlxalq Valyuta Fondu iyul ayında 2026-cı il üzrə qlobal iqtisadi artım proqnozunu 3 faiz, Dünya Bankı isə 2,5 faiz səviyyəsində qiymətləndirib.

Beynəlxalq maliyyə institutları və reytinq agentliklərinin proqnozlarına əsasən, 2026-cı ildə “Brent” markalı neftin orta illik qiymətinin 82-94 ABŞ dolları aralığında olacağı gözlənilir. Dünya Bankı bu göstəricini 94 dollar, BVF 89,3 dollar, Fitch Ratings 87 dollar, J.P. Morgan 85 dollar, ABŞ Enerji İnformasiya Administrasiyası isə 82 dollar səviyyəsində proqnozlaşdırıb.