Tayvan hökuməti süni intellektə artan qlobal tələbatın yaratdığı iqtisadi yüksəlişin bəhrəsini ölkə əhalisi ilə bölüşməyə hazırlaşır. Prezident Lay Çinde hər bir Tayvan vətəndaşına 10 min Tayvan dolları, yəni təxminən 300 dollar məbləğində birdəfəlik ödəniş ediləcəyini açıqlayıb.
"Taipei Times"ın məlumatına görə, hökumət gələn ilin büdcəsində bu ödənişlərin həyata keçirilməsi üçün 235,7 milyard Tayvan dolları (təxminən 7,4 milyard dollar) vəsait nəzərdə tutub.
Belə bir qərarın arxasında Tayvan iqtisadiyyatının son dövrlərdə nümayiş etdirdiyi yüksək artım dayanır. Süni intellekt texnologiyalarına qlobal tələbatın kəskin yüksəlməsi ölkənin xüsusilə yarımkeçiricilər və yüksək texnologiyalar sektoruna ciddi təkan verib.
Birinci rübün yekunlarına əsasən, Tayvan iqtisadiyyatının illik artımı 15,43 faizə qədər yenilənib. İkinci rübdə isə ilkin hesablamalara görə ÜDM 12,93 faiz artıb. Bununla da ölkə iqtisadiyyatı artıq ardıcıl üç rübdür ki, ikirəqəmli templə böyüyür.
İlin ilk altı ayında iqtisadi artım 14,15 faiz təşkil edib. Bu, son 50 ilin ən yüksək yarımillik göstəricisidir. Ölkənin 2026-cı il üzrə iqtisadi artım proqnozu da 9,64 faizdən 11,05 faizə yüksəldilib. Proqnozun reallaşacağı təqdirdə bu, son 39 ilin rekord nəticəsi olacaq.
Prezident Lay Çinde vətəndaşlara veriləcək vəsaiti "süni intellekt dividendi" kimi xarakterizə edib. Onun sözlərinə görə, dövlət bu ödənişləri həyata keçirməklə yanaşı, büdcə kəsirinə yol verməməyi də planlaşdırır. Yəni hökumət proqramın maliyyələşdirilməsi üçün əlavə borclanmaya getməyəcək.
Parlament büdcə layihəsini ilin sonuna qədər təsdiqləsə, vəsaitlərin əhaliyə çatdırılması 2027-ci il fevralın 6-da qeyd olunacaq Qəmər Yeni ilinə qədər başlaya bilər.
Tayvan hakimiyyətinin xərcləri yalnız əhali üçün nəzərdə tutulan ödənişlərlə məhdudlaşmır. Gələn dövrdə müdafiə sahəsinə 1,12 trilyon Tayvan dolları ayrılması planlaşdırılır. Texnoloji proqramların inkişafının dəstəklənməsi üçün isə artıq 229,2 milyard Tayvan dolları nəzərdə tutulub. Bu məbləğin 40,6 milyard dolları birbaşa süni intellekt infrastrukturunun yaradılmasına yönəldiləcək.
Süni intellekt bumunun yaratdığı yüksək gəlirlərin bölüşdürülməsi ilə bağlı oxşar nümunə yaxınlarda Cənubi Koreyada da ortaya çıxıb. "Samsung"un yarımkeçiricilər bölməsinin əməkdaşları ilin sonunda şirkətlə yeni əmək müqaviləsinin imzalanmasını dəstəkləyiblər. Razılaşmaya əsasən, hər bir işçiyə təxminən 513 milyon von, yəni 340 min dollar məbləğində bonus ödənilməsi nəzərdə tutulur.
Beləliklə, süni intellektə qlobal tələbat yalnız texnologiya şirkətlərinin gəlirlərini artırmaqla kifayətlənmir. Bu bum Asiyanın aparıcı iqtisadiyyatlarında dövlət büdcələrinin və əməkhaqqı sistemlərinin də yenidən formalaşmasına təsir göstərir. Tayvanın əhalisinə ödəmə qərarı isə iqtisadi artımdan əldə olunan gəlirin bir hissəsinin birbaşa vətəndaşlarla bölüşdürülməsinin ən diqqətçəkən nümunələrindən birinə çevrilir.
MONETAR.AZ