Büdcəsi gəlirlərinin 39,4 milyard manata çatacağı gözlənilir

Büdcəsi gəlirlərinin 39,4 milyard manata

2026-cı ilin sonunda Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 39 milyard 365 milyon manat təşkil edəcəyi gözlənilir. Monetar.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin “2026-cı ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər” sənədində bildirilib.

Gözlənilən büdcə gəlirləri təsdiq olunmuş proqnozla müqayisədə 756 milyon manat və ya 2 faiz çoxdur.

Büdcə gəlirlərinin 43,4 faizi və ya 17 milyard 85 milyon manatı neft-qaz sektorunun, 56,6 faizi və ya 22 milyard 280 milyon manatı isə qeyri-neft-qaz sektorunun payına düşəcək.

Təsdiq olunmuş göstəricilərlə müqayisədə neft-qaz sektoru üzrə gəlirlərin 650 milyon manat və ya 4 faiz, qeyri-neft-qaz sektoru üzrə gəlirlərin isə 106 milyon manat və ya 0,5 faiz çox olacağı gözlənilir.

Gəlirlərin strukturunda 17 milyard 760 milyon manat və ya 45,1 faiz vergilər və rüsumlar üzrə daxilolmaların, 6 milyard 762 milyon manat və ya 17,2 faiz gömrük rüsumları və idxala görə vergi daxilolmalarının payına düşəcək.

Dövlət Neft Fondundan büdcəyə 12 milyard 835 milyon manat transfert nəzərdə tutulur. Bu, ümumi gəlirlərin 32,6 faizini təşkil edəcək.

Büdcə təşkilatlarının büdcədənkənar gəlirlərinin 1 milyard 21 milyon manat, sair gəlirlərin isə 987 milyon manat olacağı gözlənilir.

Vergi və rüsumlar üzrə daxilolmaların 17 milyard 760 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır. Bu, təsdiq olunmuş göstəricidən 850 milyon manat və ya 5 faiz çoxdur.

Həmin vəsaitin 4 milyard 250 milyon manatı və ya 23,9 faizi neft-qaz sektorunun, 13 milyard 510 milyon manatı və ya 76,1 faizi qeyri-neft-qaz sektorunun payına düşəcək.

Neft-qaz sektoru üzrə vergi daxilolmalarında SOCAR-ın ödədiyi vergilər 1 milyard 750 milyon manat, “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə podratçı təşkilatların mənfəət vergisi 500 milyon manat, “Şahdəniz” layihəsi üzrə podratçı təşkilatların mənfəət vergisi isə 2 milyard manat olacaq.

Sənədə əsasən, 2026-cı il dövlət büdcəsinin gəlirlərinin hesablanması zamanı Azərbaycan qazının bütün istiqamətlər üzrə orta satış qiyməti 1 000 kubmetr üçün 35 ABŞ dolları artırılaraq 296 ABŞ dolları götürülüb.

Bu dəyişiklik nəticəsində “Şahdəniz” layihəsi üzrə podratçı təşkilatların mənfəət vergisi daxilolmalarının 400 milyon manat və ya 25 faiz artacağı gözlənilir.

Vergi orqanlarının xətti ilə qeyri-neft-qaz sektoru üzrə daxilolmaların isə 13 milyard 510 milyon manat olacağı proqnozlaşdırılır. Bu, təsdiq olunmuş göstəricidən 200 milyon manat və ya 1,5 faiz çoxdur.