Pixar məşhur ekran çırağını gerçəyə çevirib

Pixar məşhur ekran çırağını

"Pixar" studiyası 40 illik yubileyi münasibətilə şirkətin vizual simvollarından birinə çevrilmiş məşhur Luxo Jr. çırağının fiziki versiyasını təqdim edib. Dekorativ qurğu artıq "Disney Store"un onlayn satış şəbəkəsində nümayiş olunur və animasiya həvəskarları üçün kolleksiya əşyası kimi nəzərdə tutulub.

Yeni məhsul adi masaüstü çıraqdan daha çox animasiyadakı obrazın real dünyaya köçürülmüş interaktiv versiyasını xatırladır. Qurğu istifadəçinin hərəkətlərinə və səsinə reaksiya verir, özü də hərəkət edərək "Pixar"ın filmlərdən əvvəl nümayiş etdirilən məşhur ekran identindəki davranışları təkrarlayır və tanınan səslər çıxarır.

Lakin burada maraqlı bir detal var: bütün bu funksiyalarına baxmayaraq, çıraq əslində işıq saçmır.

Bunun səbəbi isə Pixar ilə Norveçin "Luxo ASA" şirkəti arasında uzun illər əvvəl yaranmış hüquqi məsələdir. Pixar-ın həmtəsisçisi Con Lasseter 1980-ci illərdə məşhur animasiya çırağını hazırlayarkən məhz Luxo şirkətinin klassik modellərindən ilhamlanmışdı. Luxo L-1 modeli 1937-ci ildə Yakob Yakobsen tərəfindən hazırlanıb və sonradan Pixar-ın 1986-cı ildəki "Luxo Jr." qısametrajlı animasiyasının əsas vizual ilham mənbəyinə çevrilib.

Məhz bu səbəbdən şirkətin studiyaya real işıqlandırma funksiyasına malik analoji məhsul buraxmağa icazə vermədiyi bildirilir. Nəticədə Pixar-ın yeni qurğusu zahirən tam funksional masaüstü çırağa bənzəsə də, onun əsas funksiyası dekorativ və interaktiv xarakter daşıyır.

Məhsulun Böyük Britaniyada satışına artıq başlanılıb. Dekorativ interaktiv çırağın qiyməti 100 funt sterlinq təşkil edir.

Beləliklə, Pixar-ın ekran qarşısında illərdir milyonlarla tamaşaçını salamlayan simvolu bu dəfə animasiyadan çıxaraq real masa üzərinə gəlib. Sadəcə bir fərqlə: o, hərəkət edir, səs çıxarır və sahibinə reaksiya verir, amma işıq yandırmır.

MONETAR.AZ