2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 19 milyard 179,2 milyon manat, xərcləri isə 16 milyard 775,5 milyon manat təşkil edib. Monetar.az xəbər verir ki, nəticədə dövlət büdcəsində 2 milyard 403,7 milyon manat profisit yaranıb.
İlk yarımilin nəticələri büdcə gəlirlərinin strukturunda qeyri-neft-qaz sektorunun rolunun artdığını göstərib. Belə ki, hesabat dövründə büdcə daxilolmalarının 57,3 faizi və ya 10 milyard 981 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşüb.
Qeyri-neft-qaz sektoru üzrə daxilolmalar proqnozla müqayisədə 3,1 faiz, 2025-ci ilin eyni dövrü ilə müqayisədə isə 6,8 faiz çox olub.
Qeyri-neft-qaz sektorundan daxilolmaların 7 milyard 64,5 milyon manatı vergi daxilolmalarının, 3 milyard 143,6 milyon manatı isə gömrük rüsumları və idxala görə vergilərin payına düşüb. Vergi orqanlarının xətti ilə daxilolmalar proqnoza nisbətən 2,5 faiz çox icra olunub.
Neft-qaz sektoru üzrə büdcə daxilolmaları isə 8 milyard 198,2 milyon manat təşkil edib. Bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 13,9 faiz azdır.
Neft-qaz gəlirlərindəki azalmanın əsas səbəblərindən biri Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlərin əvvəlki illə müqayisədə azaldılması olub. Bu yanaşma fiskal dayanıqlığın gücləndirilməsi və büdcənin neft gəlirlərindən asılılığının azaldılması siyasəti çərçivəsində həyata keçirilir.
Neft-qaz sektoru üzrə vergi daxilolmalarında SOCAR-ın ödədiyi vergilərin payı 47,4 faiz və ya 843,5 milyon manat olub. “Şahdəniz” yatağı üzrə mənfəət vergisinin payı isə 41,1 faiz və ya 730,4 milyon manat təşkil edib.
Beləliklə, 2026-cı ilin ilk altı ayının nəticələri dövlət büdcəsinin profisitlə icra olunduğunu, qeyri-neft-qaz sektorundan daxilolmaların artdığını və büdcə gəlirlərinin şaxələndirilməsi istiqamətində müsbət dinamikanın davam etdiyini göstərir.